Qızıl Avropa Liqasının formatı bəlli oldu
11.01.2024 - 16:59
Qızıl Avropa Liqasının formatı bəlli oldu

Kişi və qadın voleybolçuların Qızıl Avropa Liqasının formatı bəlli olub.

Apasport.az xəbər verir ki, bu ildən yeni qaydalar əsasında təşkili planlaşdırılan yarışın birinci mərhələsi 3 hissədən ibarət olacaq.

Qadınlardan ibarət yığmamızı mayın 17-19-da Xorvatiyada meydan sahibləri və Slovakiya ilə gərgin mübarizə gözləyir. Bu oyunlar həm də Faiq Qarayevin baş məşqçi postuna qayıdışından sonra milli komandada ilk sınağı kimi yadda qalacaq.

Qadınlarımızı ikinci raundda Rumıniya və İsveçlə qarşılaşmalar gözləyir. Sözügedən mərhələnin matçları mayın 24-26-da Rumıniyada keçiriləcək. Mayın 31-dən iyunun 2-dək davam edəcək son mərhələdə isə millimiz Estoniya və Avstriyanı sınağa çəkəcək.

Komandamız 4 mərhələni də uğurla başa vurarsa, bu zaman iyunun 15-16-da Çexiyada keçiriləcək “Dördlər finalı”na vəsiqə qazanacaq.

Kişilərdən ibarət millimiz mübarizəyə paytaxtımızda keçirəcəyi oyunlarla start verəcək. Mayın 17-19-a planlaşdırılan matçlardakı rəqiblərimiz isə Rumıniya və Ukrayna yığmaları olacaq.

Ardınca Belçikaya yollanacaq kişi voleybolçularımız mayın 24-26-da meydan sahibləri və Şimali Makedoniya ilə matçlar gözləyir.

Yığmamız turniri Estoniyada başa vuracaq. Mayın 31-də Baltikyanı ölkə təmsilçisi ilə qarşılaşacaq komandamız ertəsi gün Lüksemburqu sınağa çəkəcək.

writer photo
Əlirza Əlirzalı
0