Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş voleybol üzrə jurnalistlər arasında Zəfər Kuboku keçirilib.
Apasport.az saytının məlumatına görə, Qusar Olimpiya İdman Kompleksində təşkil olunan turnir iki gün davam edib.
Yarışda 6 komanda mübarizə aparıb. Media nümayəndələri işğaldan azad olunmuş Azərbaycan ərazilərinin adlarına uyğun olaraq, "Şuşa", "Kəlbəcər", "Zəngilan", "Suqovuşan", "Xankəndi" və "Füzuli" adları ilə meydana çıxıblar.
Qusar Olimpiya İdman Kompleksinin direktoru, İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədovun təşəbbüsü ilə 3-cü dəfə keçirilən yarış qrup mərhələsi ilə başlayıb. İlk gündə baş tutan bu matçlardan sonra yarımfinalçılar dəqiqləşib. “Füzuli” və “Zəngilan” isə yarışı erkən başa vurub.
İlk yarımfinal görüşündə "Suqovuşan" "Kəlbəcər"ə 0:2 hesabı ilə uduzub. "Şuşa" "Xankəndi"nə eyni hesabla qalib gələrək həlledici matçına yüksəlib.
Məğlub komandalar isə 3-cü yer uğrunda görüşdə münasibətlərinə aydınlıq gətiriblər. "Suqovuşan"ı 2:1 hesabı ilə üstələyən "Xankəndi" turnirin bürünc medallarına sahib çıxıb.
Final görüşündə iki setdə rəqibini yenən "Şuşa" ardıcıl ikinci dəfə yarışın qalibi olub. Çempion komandaya kubok və qızıl medallar, ikinci və üçüncü yerin sahiblərinə isə müvafiq olaraq, gümüş və bürünc medallar təqdim olunub. Turnirin ən yaxşı oyunçusu seçilən "Şuşa"nın voleybolçusu Anar Məmmədov isə xüsusi mükafata layiq görülüb.
Zəfər Kuboku
15 iyul
A qrupu
"Füzuli" - "Suqovuşan" - 0:2
"Xankəndi" - "Suqovuşan" - 0:2
"Füzuli" - "Xankəndi" - 0:2
Xal durumu: "Suqovuşan" - 6, "Xankəndi" - 3, "Füzuli" - 0
B qrupu
"Kəlbəcər" - "Şuşa" - 0:2
"Zəngilan" - "Şuşa" - 0:2
"Kəlbəcər" - "Zəngilan" - 2:0
Xal durumu: "Şuşa" - 6, "Kəlbəcər" - 3, "Zəngilan" - 0.
16 iyul
Yarımfinallar
10:00. "Suqovuşan" - "Kəlbəcər" - 0:2
11:00. "Xankəndi" - "Şuşa" - 0:2
3-cü yer uğrunda görüş
12:00. "Suqovuşan" - "Xankəndi" - 1:2
Final
13:00. "Şuşa" - "Kəlbəcər" - 2:0
Qeyd edək ki, əvvəlki illərdə Bakıda keçirilən turnirin qalibi adını "Zəngilan" və "Şuşa" komandaları qazanıb.