“Yaxşı oyun göstərmək istəyirik” - Millimizin voleybolçusu
31.05.2024 - 00:36
“Yaxşı oyun göstərmək istəyirik” - Millimizin voleybolçusu

“Qızıl Avropa Liqasında hansısa məqsədlərdən danışmaq çətindir”.

Apasport.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu kişilərdən ibarət milli komandamızın üzvü Andrey Melnikov deyib.

Yığmamızın hücumçusu Qızıl Avropa Liqasında qarşılaşacaqları Estoniya ilə matç barədə danışıb: "Turnirlə bağlı hansısa məqsədlərdən danışmaq çətindir. Bacardığımız qədər yaxşı oyun göstərmək istəyirik. Əlbəttə ki, qələbə ilə geri dönməyi arzu edirik. Lakin obyektiv baxmaq lazımdı, bizə çox çətin olacaq. Çünki Estoniyanın oyunçuları güclü klublarda çıxış edirlər. Maksimum dərəcədə çalışıb, əlimizdən gələnin ən yaxşısını edəcəyik".

Melnikov ilk iki turda üz-üzə gəldikləri rəqiblərlə bağlı fikirlərini bölüşüb: "İlk iki tur çox çətin oldu. Qarşılaşdığımız komandalar yüksək səviyyəli oyun sərgilədilər. Rəqiblərin heyətlərindəki voleybolçular uzun müddətdir bir yerdə oynadıqları üçün çox yaxşı anlaşırlar. Həmçinin rəqiblərimiz neçə illərdir ki, beynəlxalq turnirlərdə çıxış ediblər".

Qeyd edək ki, Azərbaycan millisi Qızıl Avropa Liqasında Belçika, Ukrayna və Rumıniya komandaları ilə görüşlərdə 0:3 hesabı ilə uduzub. 

writer photo
Əlirza Əlirzalı
0