Qış fasiləsində 3 yeni futbolçu transfer edən “Qarabağ”ın bəzi mövqeləri gücləndirmək istəyi baş tutmayıb.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Qurban Qurbanovun, xüsusən də, hücum xəttinə yeni oyunçu cəlb etmək planı reallaşmayıb.
Ağdam təmsilçisi dövrələrarası fasilədə gündəmində olan iki forvardla uzun danışıqlar aparsa da, onları ölkəmizə gətirməyə razı sala bilməyib. Həmin hücumçulardan biri Seneqal millisinin sabiq üzvü Kuma Babakar olub. 2016/17 mövsümündə Avropa Liqasının qrup mərhələsində “Fiorentina”nın heyətində məhz “Qarabağ”ın qapısına yol tapan 29 yaşlı Babakar ötən ay “Sassuolo”dan ayrılsa da, ağdamlıların təklifini qəbul etməyib. Son il yarımı icarə əsasında “Alanyaspor”da keçirən qolçu “Kopenhagen”in 3,5 illik müqavilə təklifini müsbət cavablandırıb.
“Qarabağ”ın heyətinə qatmaq istədiyi digər hücumçu da Türkiyədə çıxış edir. Bu, “Fatih Karagümrük”ün gürcüstanlı oyunçusu Vato Arveladzedir. Lakin Super Liqa klubu ilə sözləşməsi mövsümün sonuna qədər olan 24 yaşlı futbolçunu gətirmək mümkün olmayıb. O, eyni zamanda “Neftçi”nin də transfer gündəmindədir. Vato Gürcüstan futbolunun tanınmış simalarından Revaz Arveladzenin oğlu, Şota və Arçil Arveladzenin isə qardaşı oğludur.
Premyer Liqanın lideri müdafiənin cinahına da transfer planlaşdırıb. Bu mənada əsas hədəf Pavel Olkovski olub. “Qarabağ” “Qaziantep”in formasını geyinən Polşa millisinin üzvünü mövsümün sonuna qədər icarəyə götürməyə çalışsa da, 32 yaşlı futbolçu Super Liqa təmsilçisində qalıb.
Qeyd edək ki, “Qarabağ” qış fasiləsində heyətini Rüstəm Əhmədzadə, Luka Quqeşaşvili və Leandro Andrade ilə gücləndirib.