“Barselona” ilə “Çelsi” futbolçu dəyişikliklərinə hazırlaşır.
Apasport.az saytının məlumatına görə, kataloniyalıların yarımmüdafiəçisi Frenki de Yonq Londona, “zadəganlar”ın müdafiəçiləri Sezar Azpilikueta ilə Markos Alonso isə əks istiqamətə hərəkət edə bilər.
Transfer danışığı üçün “Çelsi”nin yeni sahibi Todd Beyli dünən Barselonada səfərdə olub. İspaniya klubunun rəsmiləri ilə görüşən Beyli onlarla hər üç oyunçunun mümkün transferini müzakirə edib. İngilislərin de Yonq müqabilində qarşı tərəfə təklifi 60 milyon avro və Azpilikueta ilə Alonso olub.
“Çelsi”nin sahibi gecə saatlarında İspaniyanı tərk edərkən yerli jurnalistlərə qısa açıqlamasında danışıqların uğurlu alındığını, tezliklə hər şeyə aydınlıq gələcəyini söyləyib.
Qeyd edək ki, Frenki de Yonq “Mançester Yunayted”in də transfer gündəmindədir. Lakin Niderland millisinin üzvü Çempionlar Liqasında çıxış etmək istədiyindən, “Çelsi”yə keçməyə daha isti yanaşır.