“Dünyada futboldan başqa elə bir biznes yoxdur ki, 90 dəqiqəyə on milyonlarla pul qazanmaq olsun”.
Apasport.az saytının məlumatına görə, bu fikirlər danışılmış oyunlar kralı adlandırılan Uilson Rac Perumala məxsusdur.
Sinqapurun hindlilər yaşayan rayonunda anadan olan fırıldaqçı az qala dünya futbolunun yarısını alıb. Danışılmış oyunlarda milyardlar qazanan Perumal sonradan hər şeyini də itirib. Buna danışılmış oyunlar sahəsində yeni fırıldaqçıların üzə çıxması və sinqapurlunun da bunun güdazına getməsidir. Bütün bunlardan sonra danışılmış oyunlar kralı etiraflara da vaxt tapıb: “Bəzən ehtiyat oyunçular skamyasında otururdum. Futbolçulara tapşırıq, baş məşqçilərə əmrlər verirdim. Bu, çox sadə idi. Heç bir mühafizə də yox idi”.
Görəsən, Perumal kimdir? Onunla tanış olmağa dəyər. Uşaqlıqdan
“Mançester Yunayted” azarkeşi olan və Dieqo Maradona pərəstişkarı sırasında yer alan Uilson hərbçi olmaq xəyalı ilə yaşayırdı. Lakin yeniyetmə vaxtında ev yarmaq üstündə həbs olması onun bu sahəyə yolunu bağladı.
19 yaşında dostları onu mərc oyunları ilə tanış etdi. Perumal futbola pul qoymaqdan həzz alırdı. Amma bütün pulunu uduzması onu düşünməyə vadar etdi. Uilson oyunu öz əlinə keçirməyi qərara aldı.
O, elə ilk cəhddən 15 min dollar qazandı. Bunun üçün saxta oyun təşkil olundu. Restoranlar arasında çempionatın final oyunu icad edən fırıldaqçı stadion, inventar icarəyə götürdü, matçı reklam etdirdi. Bu reklam sayəsində görüş bir neçə bukmeker kontorunun siyahısına da düşdü. Meydana isə restoran əməkdaşları deyil, Perumalın dost-tanışları çıxmışdı. Kontorlar sonradan şübhələnsə də, heç bir sübutları olmadığından sinqapurlunun udduğu pulu ödəməli oldu.
Bir müddət həvəskar və yarımpeşəkar liqalarda alqı-satqı ilə məşğul olan Perumal 1995-ci ildə Sinqapuru tərk edir. Artıq özünü daha böyük miqyasda sınamaq istəyən kralın bir problemi var idi. Danışılmış matçlarla bağlı istintaq getdiyindən onun xaricə çıxışına qadağa qoyulmuşdu. Perumal buna da çıxış yolu tapdı. O, dostunun pasportu ilə ölkədən çıxdı: “Biz bir-birimizə oxşayırdıq. Heç şəkli də dəyişmədim. Ağlar indusları ayıra bilmir”.
İngiltərədə heç bir əlaqəsi olmayan Perumal özünü sinqapurlu jurnalist kimi qələmə verir. O, əvvəl “Birminhem”in qapıçısı İan Bennett, sonra “Çelsi”də çıxış edən Dmitri Xarinə müsahibə adı ilə yaxınlaşaraq oyun satmağa razı salmağa çalışdı. Amma onun 100 min dollarlıq təklifi qəbul olunmadı.
1997/98 mövsümündə sinqapurlu yeni metoda keçdi. Asiya bulmeker kontorlarındakı qaydaya əsasən görüş texniki səbəbdən dayandırılırsa, həmin ana olan hesab əsas götürülür. Perumal İngiltərə Premyer Liqasının bir neçə matçında işıqları söndürüb böyük qazanc əldə etdi. Stadion əməkdaşlarını alan fırıldaqçı ona lazım olan hesabda işıqların söndürülməsinə nail olurdu. “Vest Hem” – “Kristal Pelas” və “Arsenal” – “Uimbldon” qarşılaşmaları da onun əmri ilə qaranlığa düşüb. Yalnız Perumalın əməllərindən sonra Asiya bukmekerlərindəki həmin qayda dəyişdirildi.
2007-ci ildə Perumal Con Obi-Mikelin qurbanı olub. Nigeriya və İraq gənclər yığmaları arasında qarşılaşma 0:0 hesabı ilə bitməli idi. Bunun üçün Perumal Nigeriya yığmasının oyunçularının böyük hissəsini və baş məşqçini almışdı. Hər kəsə 50 min dollar ödəniləcəkdi. Hətta fasilədən sinqapurlunun nümayəndəsi bir daha komandaya bunu xatırladıb. Amma 90+3-cü dəqiqədə Con Obi Mikel penaltini qola çevirərək hər şeyi alt-üst etdi. Buna görə komanda yoldaşları və baş məşqçi Con Obi Mikeldən küsdü və 2008-ci il Yay Olimpiadasına aparılan heyətdən çıxarıldı.
Perumalın zəngin çirkin karyerası belə oyunlarla boldur. O, hətta Finlandiyada yaxalanaraq 2 illik həbs də olunub. Amma işbirliyi qurduğu adamları satması üzündən azadlığa tez çıxıb. Sonradan Macarıstanda yaşayan danışılmış oyunlar kralı hətta əməllərinə kitab da həsr edib.