Türkiyə Superkuboku matçı keçirilməyəcək.
Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan "Fənərbaxça" - "Qalatasaray" matçı ərəblərin bəzi qadağaları səbəbiylə ləğv olunub.
Belə ki, matçın başlanmasına dəqiqələr qala stadionda qoşulan ərəb mahnıları türk azarkeşlərin kəskin narazılığına səbəb olub. Komandalar isə Türkiyə Futbol Federasiyasına oyuna çıxmayacaqlarını bildirib. İddialara görə, iki klub da artıq Türkiyəyə qayıtmaq üçün yola düşməyə hazırlaşırlar.
"Fənərbaxça"nın təyyarəsi artıq uçuş üçün hazırdır. Məlumata görə, "sarı-lacivərdlilər"i aparan təyyarə Türkiyə saatıyla 04:15-də, "Qalatasaray"ın təyyarəsi isə 04:00-da Sabiha Gökçen aeroportunda olacaq.
Bu arada, TFF prezidenti Mehmet Büyükekşi komandaları meydançaya çıxmağa dəvət edib. Prezident oyuna gələn azarkeşləri pis vəziyyətə salmamaq adına klublara çağırış edib. Büyükekşi düşünür ki, matçın oynanılmaması Türkiyə futbolunun imicinə xələl gətirə bilər.
Gələn məlumatlara görə isə, hər iki komanda matça çıxmamaq mövzusunda israrlıdır.
Qeyd edək ki, daha əvvəl xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanı nümayəndələri matçdan əvvəl Türkiyə himninin səslənməsinə və Atatürkün sitatının yer aldığı pankartın açılmasına qarşı çıxmışdı.