“Bir kuboka baxın. Çox gözəldir, deyilmi?”.
Apasport.az saytının məlumatına görə, bunu Argentina millisinin kapitanı Lionel Messi deyib.
35 yaşlı superulduz Qətərdə keçirilən dünya çempionatının qalibi olmalarına münasibət bildirib. Messinin sözlərinə görə, komandası mundialın qızıl medallarını qazanmaq üçün çox çətinliklərdən keçsə də, sonda xəyallarını gerçəkləşdirə biliblər: “Bunun nə qədər qürurverici an olduğunu görmək üçün Argentinaya geri qayıtmağı səbirsizliklə gözləyirəm.
Allahın bu kuboku mənə bəxş edəcəyinə inanırdım. Dünya çempionu olacağımla bağlı içimdə bir hiss var idi. İndi isə qələbənin dadını çıxaracağıq. Daha artığını istəyə bilmərəm. Karyeramı bu şəkildə tamamlamaq…. Möhtəşəm hisslər yaşayıram”.
Messi millidəki karyerasına da toxunub. O bildirib ki, yığmada çıxışını dayandırmayacaq: “Artıq dünya çempionu kimi karyerama davam etdirmək istəyirəm”.
Qeyd edək ki, Argentina finalda Fransanı məğlub edib. Oyunun əsas (2:2) və əlavə vaxtı (3:3) heç-heçə bitdiyindən qalib penaltilərlə müəyyənləşib və “lotereya”da cənubi amerikalılar daha dəqiq olublar – 4:2.