Lionel Messi klubun layihəsi ilə bağlı şübhələri olduğundan PSJ ilə müqaviləsini hələ yeniləməyib.
Apasport.az xəbər verir ki, italiyalı insayder Fabritsio Romanonun sözlərinə görə, PSJ artıq Messiyə müqavilənin müddətinin uzadılmasını təklif edib.
Dekabrda tərəflər bununla bağlı şifahi razılığa gəlib və yeni müqavilənin detallarını müzakirə etmək üçün gözləmək qərarına gəliblər. Bu məsələ ilə bağlı fevralda baş tutan ilk görüşdə tərəflər tam razılığa gələ bilməyiblər və bu, təkcə məsələnin maliyyə tərəfi ilə bağlı deyil.
Messi növbəti mövsümdə klubun necə olacağını anlamaq istəyir: hansı futbolçular gedəcək, məşqçi qalıb-qalmayacaq. Leo da yeni müqavilənin müddətini müzakirə etməyə daha çox vaxt ayırmaq istəyir. Bununla bağlı tərəflər daha bir neçə görüş keçirməli olacaqlar.
Qeyd edək ki, 35 yaşlı hücumçu bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə keçirdiyi 31 oyunda 18 qol vurub və 17 məhsuldar ötürmə edib.