Qeyri-adi dünya çempionatları - “Daş, kağız, qayçı”, “Kvadrat”...
13.11.2022 - 16:06
Qeyri-adi dünya çempionatları - “Daş, kağız, qayçı”, “Kvadrat”...

Gələn həftə Qətərdə təşkil olunacaq DÇ-2022 start götürəcək. Ümumiyyətlə isə futbol dünya çempionatının keçirilən yeganə idman növü deyil.

Apasport.az saytının məlumatına görə, təkcə tanıdığımız, qəbul olunmuş idman növləri deyil, qeyri-adi yarışlarda da dünya çempionatları keçirilir. 

Ən qəribə 5 dünya çempionatını təqdim edirik:

1. “Daş, kağız, qayçı”
Uşaq vaxtı az qala hamımızın oynadığı bu oyun üzrə vahid qaydalar 2002-ci ildə tərtib olunub. Klublar, turnirlər və konfransların da təşkil olunduğu bu növdə dünya çempionatı da keçirilir. Qalib 10 min ABŞ dolları qazanır.

2. “Kvadrat”
ABŞ-ın Men ştatında keçirilən bu dünya çempionatlarında 4 nəfərdən ibarət komandalar kiçik kvadratın içində topla paslaşmalıdır. Topu daha uzun müddət meydanda saxlayanlar qalib olur. 2012-ci ildə bir komanda 34 saat kvadratda paslaşa bilib.

3. “Suya daşatma”
Yəqin ki, uşaq vaxtı hər kəs çaya və ya gölə daş ataraq onun suyun üzərində hoppanmaqla hərəkət etməsinə tamaşa edib. Şimali Amerika Suya Daşatma Assosiasiyasının olduğundan isə çoxları xəbərsizdir. Bu dünya çempionatında daşın daha çox hoppanması əsas götürülür. Ginnesin rekordlar kitabına düşən göstərici isə daşın 51 toxunuşunu əks etdirir. Şotlandiyanın İndeyl şəhərindəki dünya çempionatında həmin daşın daha uzağa getməsi əsas götürülür.

4. “Telefonatma”
Atletikanın tanınmış nizəatma, çəkicatma, diskatma növləri populyardır. Finlandiyanın Savonlin şəhərində telefonatma üzrə dünya çempionatı təşkil olunur. 2000-ci ildən təşkil olunan mundialda mobil vasitənin həm uzağa, həm də gözəl atılması üzrə mübarizə gedir.

5. “Ayaq barmağı güləşi”
Güləşin rəngarəng növləri arasında qol güləşi olduğu kimi ayaqla mübarizə də var. Yerdə oturan idmançılar ayaqlarının barmaqları ilə bir-birini üstələməyə çalışır.
 

writer photo
Əlirza Əlirzalı
0