“Real” hücumçusu Vinisyus Juniorla yeni müqavilə imzalayacaq.
Apasport.az saytının məlumatına görə, Braziliya millisinin üzvü “kral klubu” ilə rəsmi sözləşməyə bu və ya gələn həftə qol çəkəcək.
Madridlilər 21 yaşlı forvardın yeni sözləşməsini iyulda, komanda tətildən qayıdanda açıqlayacaq. Vinisyusun maaşı iki dəfədən də çox artırılacaq. Hazırda ilinə 3,2 milyon avro alan ulduz futbolçunun bundan sonra illik məvacibi 10 milyon avro olacaq. Müqaviləyə müxtəlif bonuslar da daxil ediləcək.
İndi yalnız sözləşmənin müddətinin razılaşdırılması qalıb. Klub bunun 2028, oyunçu isə 2026 və ya 2027-ci ilə qədər olmasını istəyir. Vinisyusun sərbəst qalma məbləği də 350 milyon avrodan 1 milyard avroya qaldırılacaq.
Qeyd edək ki, Vinisyus Junior ötən mövsüm 52 oyunda 22 qol vurub, 16 məhsuldar ötürmə verib. Onun madridlilərlə hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir.