“Real” onları istəyir – 3-ü bəlli, 1-i naməlum
20.01.2023 - 10:07
“Real” onları istəyir – 3-ü bəlli, 1-i naməlum

“Real”ın yay transfer pəncərəsində heyətinə qatmaq istədiyi futbolçuların sayı bəlli olub.

Apasport.az saytı xəbər verir ki, Madrid klubu 1 hücumçu, 1 yarımmüdafiəçi və 2 müdafiəçi ilə müqavilə imzalamağı planlaşdırır.

Kərim Benzema ilə anlaşmanın müddətini artıran “Kral klubu” daha bir hücumçunu heyətə cəlb etmək istəyir. Mövsümün əvvəlində fransalının tez-tez zədələnməsi “Real”ı düşünməyə vadar edib. Klub davam edən mövsümdə belə forvardın qollarının sayının azalacağından narahatdır. 

Sentyabrda 38 yaşı tamam olacaq Luka Modriçin də artıq bütün matçlarda oynamaq ehtimalı çox azdır. Madrid təmsilçisi yayda Cud Bellingemi transfer edə bilsə, Modriç komandada ikinci dərəcəli rol oynayacaq. Paytaxt klubu artıq ingiltərəlinin meneceri ilə əlaqə yaradaraq futbolçunu komandada görmək istədiyini bildirib.  

Bundan əlavə, "Real"da müdafiənin hər iki cinahını gücləndirmək lazım olduğunu düşünürlər. Baş məşqçi Karlo Ançelotti Ferlan Mendinin sol cinahdakı oyunundan razı deyil. Ötən yay madridlilər onu satmağa hazır olsalar da, təklif almamışdılar. Ançelottinin bu mövqedə ən böyük favoriti “Bavariya”nın müdafiəçisi Alfonso Deyvisdir. Almanlarla müqaviləsi 2024-cü ilin yayında başa çatacaq 22 yaşlı futbolçu mövsümün sonunda Madrid təmsilçisində peyda ola bilər. 

Müdafiənin sağ cinahına ediləcək transferlə bağlı isə hələlik konkret futbolçu adı çəkilmir.

writer photo
Əlirza Əlirzalı
0