Bu gün Konfrans Liqasının final oyunu keçiriləcək.
Apasport.az saytının məlumatına görə, cari mövsümdən təşkil olunan turnirin ilk qalibi müəyyənləşəcək.
Həlledici görüşdə “Roma” ilə “Feyenoord” üz-üzə gələcək. Qarşılaşma öncəsi İtaliya təmsilçisi favorit hesab edilir. Ancaq finala qədər irəliləyən niderlandlılar da təslim olmaq fikrində deyil.
Hər iki komanda optimala yaxın heyətlə hazırlaşdığından, məğlubiyyət təqdirində bəhanəyə heç bir səbəb olmayacaq. “Canavarlar”da yalnız yarımmüdafiəçi Henrik Mxitaryan bir aya yaxındır zədədən əziyyət çəkir. Onun iştirakı məşqçilər korpusunun qərarından asılı olacaq.
“Feyenoord”da isə qapıçı Tein Troost və yarımmüdafiəçi Koul Bassett meydanda olmayacaq. Amma onlar da əsas heyət üzvü olmayan gənclərdir. Təkcə aparıcı qapıçı Castin Beyloda yüngül zədə var. Buna baxmayaraq, onun ilk dəqiqələrdən çərçivədəki yerini alması gözlənilir.
Təxmini “11-lik”lər:
“Roma”: Rui Patrisio, Canluka Mançini, Kris Smollinq, Roje İbanyez, Rik Karsdorp, Brayan Kristante, Serjio Oliveyra, Lorenzo Pelleqrini, Nikola Zalevski, Nikolo Zaniolo, Temmi Abraham
“Feyenoord”: Castin Beylo, Lutşarel Qertruida, Qernot Trauner, Markos Senesi, Tirell Malasiya, Fredrik Orsnes, Qus Til, Reiss Nelson, Orkun Kökçü, Luis Sinisterra, Kiriel Dessers