Tarixə düşən beş MƏRC
09.10.2022 - 13:14
Tarixə düşən beş MƏRC

Mərc oyunları tarixi yaddaqalan uduşlarla zəngindir.

Apasport.az saytı tarixdə qalan belə mərclərdən beşini təqdim edir.

Bukmeker kontorlarında böyük əmsala, qeyri-adi hadisəyə mərc edənlər yaxşı qazanc əldə götürüblər. Lakin bu, heç də hər kəsə qismət olmayıb.

10 sentə zənginləşənlər

ABŞ-ın Saraqosa-Sprinqs şəhərindən olan iki proqnozsevər “superfekta”ya qoyuluş edib. Bu, at yürüşündə ilk 4 yerin sahibinin düzgün ardıcıllığına mərc deməkdir. Cəmi 10 sentlə (17 qəpik) qoyuluş edən dostlar autsayderi 1-ci yerdə göstərib ki, təkcə bunun əmsalı 89-a bərabər olub. Nəticədə proqnozsevərlər 76 min dollar (129 min 200 manat) zənginləşib.

Bir qolun qazancı

Adrian Heyvord isə bir qolu proqnozlaşdırmaqdan qazanıb. O, Xabi Alonsonun “Liverpul”un yarımmüdafiəçisinin fərqlənməsinə mərc edib. 200 funt sterlinqindən (389,02 manat) keçən proqnozsevər futbolçunun meydanın özlərinə aid hissəsindən qol vuracağına pul qoyub. Xabi bunu təxminən bir il sonra, “Luton”la görüşdə bacarmaqla azarkeşə 25 min funt (48 min 627,5 manat) qazandırıb.
 
İkinci cəhddən

Tayla Polia həyatında ikinci dəfə mərc etdiyi vaxt varlanıb. O, Milli Futbol Liqasının 8 matçına ekspress kupon yazıb. Cəmi 5 dollar (8,50 manat) qoyuluş edən betterin bütün mərcləri düz gəlib. O, 105 min dollar (178 min 500 manat) əldə edib. Tayla bunadək yalnız bir dəfə bukmeker kontorlarında oynadığını, ikinci cəhdinin uğurlu alındığını açıqlayıb.

Əhsən, oğlum!

Cerri Makilroy öz oğlu ilə bağlı mərc edib. O, 15 yaşlı Rorinin qarşıdakı 10 ildə ən azı bir dəfə qolf üzrə Böyük Britaniya açıq çempionatında qalib gələcəyi ilə bağlı 200 funtluq (389,02 manat) proqnoz verib. Bir neçə il sonra yeniyetmədəki istedadı görən Cerrinin dostları da eyni addımı atıb. Nəticədə ata 100 min funt (194 min 510 manat), dostları isə 80 min funt (155 min 608 manat) qazanıb.

O günü görmədi

Nikolas Nyulayf qeyri-adi mərclə tarixə düşüb. Məhz onunla bağlı əhvalat müəyyən dairələrdə “Nyulayf uduşu” ifadəsini yaradıb. 2003-cü ildə Roje Federerin “Uimbldon”dakı oyununa məftun olan better isveçrəlinin bu turnirin 7 qat çempionu olacağına proqnoz verib. O, 1520 funtu (2 min 956,55 manat) uzunmüddətli mərcə yatırıb. Federerin “Uimbldon”dakı 7-ci çempionluğu 9 il sonra gerçəkləşib. Bu, betterə 101 min 840 funt (198 min 88,98 manat) qazandırıb. Amma 2009-cu ildə vəfat edən Nyulayf o günü görməyib. Mərhumum bütün əmlakı kimi bu uduş da xeyriyyəçiliyə yönləndirilib.

writer photo
Əlirza Əlirzalı
0