Vüsal İsgəndərli: “Albaniyada azarkeşlər məni çox sevir” – Müsahibə
27.09.2023 - 13:27
Vüsal İsgəndərli: “Albaniyada azarkeşlər məni çox sevir” – Müsahibə

Albaniyanın “Eqnatiya” klubunda legioner həyatı yaşayan Vüsal İsgəndərlinin apasport.az saytına müsahibəsi 

- "Eqnatiya" 5 turdan sonra Albaniya çempionatına liderlik edir. Bu cür başlanğıcı özünüz ehtimal edirdiniz?
- Əslində, mövsümə istədiyimiz kimi başlaya bilmədik. Çempionatın ilk turunda da uduzduq. Ancaq hədəfimiz çempionluqdur. Ən pis halda avrokuboklara vəsiqə qazanmağı planlaşdırırıq. Bunun üçün sona qədər mübarizə aparacağıq.

- Komandanın oyun tərzinə, Albaniyaya tam olaraq öyrəşmisən? Sənin üçün ən çətin məqam hansıdır?
- Bəli, deyərdim ki, artıq hər mənada uyğunlaşmışam. Oyun stili istədiyim kimidir. Komanda mənim üçün rahat olan tərzdə oynayır. Mən də əlimdən gələni edib daha uğurlu olmağa çalışıram. Azarkeşlərlə münasibətim çox yaxşıdır. Əslində, oynadığım "Zirə", "Keşlə"(indiki "Şamaxı"), "Sumqayıt", "Keçiörengücü"ndə azarkeşlər tərəfindən sevilmişəm. Albaniyada da eynidir. Bu da mənə əlavə güc, motivasiya verib. 

- Bildiyim qədəri ilə ingilis dilində səlis danışa bilmirsən. Maraqlıdır, bəs xarici futbolçularla hansı dildə ünsiyyət qurursan? 
- Yox, ingilis dilini mükəmməl bilirəm (gülür). Ünsiyyət qurmaq çətin deyil. Yaşadıqca, daha yaxşı öyrənirsən. Komandada rus və türk dilini bilən oyunçular da var. Dil problemi yaşamıram. Hər şey yaxşıdır. 

- Deyəsən, ən yaxın dostun Fernando Medeyrosdur. Tez-tez sosial şəbəkələrdə bir-birinizlə zarafatlaşırsınız. Başqa dostların var?
- Həm Fernando Medeyros, həm Gitis Paulauskas, həm də Rafael Dvamena ilə münasibətim yaxşıdır. Əslində, bütün oyunçularla münasibətim əladır. İlk gündən hamısı mənə çox yaxşı davrandılar, hörmət qoydular. Əlbəttə ki, bu da qarşılıqlı idi.  

- Albaniyada yaşayış səviyyəsi necədir? Yaşamaq üçün qazandığın maaş səni razı salır?
- Albaniya bahalı ölkə deyil. Hətta müqayisə edəndə, çox ucuz olan şeylər də var. Hər şey çox münasibdir. Burada yaşamaq rahat gəlir. 

- "Eqnatiya"da qol və assist hesabını açmısan. İndiyə qədər olan performansından razısan, yoxsa daha yaxşısını edəcəyini düşünürdün?
- Oynadığım beş oyunun dördündə start heyətdə yer almışam. Bəlkə də statistikam daha yaxşı ola bilərdi. Yararlana bilmədiyim qol epizodları olub. Həmçinin mənim yaratdığım epizodlar, verdiyim ötürmələr qolla nəticələnə bilərdi. Ancaq inanıram ki, daha yaxşı olacağam. Bir az da zaman lazımdır. 

- Azərbaycan və Albaniya liqası arasında əsas fərqi nədə görürsən? Bizim liqadan güclü olmadığı görünür. 
- Albaniya çempionatının Azərbaycan Premyer Liqasından zəif olduğunu deməzdim. Albaniya çempionatı da çətindir. Mübarizələr çox yaxşı gedir. Buranın ən böyük üstünlüyü marketinqlə bağlıdır. Oyunlara xarici ölkələrdən çox diqqət var. Buradan daha güclü liqalara getmək mümkündür.

writer photo
Əlirza Əlirzalı
0