“Neftçi” Misli Premyer Liqasının IX turu çərçivəsində səfərdə “Qəbələ” ilə qarşılaşıb.
Apasport.az xəbər verir ki, görüş “ağ-qaralar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu mövsüm ikinci qələbəsini qazanan komanda nəhayət uzun müddətdir davam edən uğursuz seriyasına son qoydu.
Oyunun 70-ci dəqiqəsində dünya səviyyəsində tanınmış hücumçulardan biri - Vensan Abubakar “Neftçi” forması ilə ilk matçına çıxdı. 33 yaşlı forvard oyuna daxil olan kimi fərqini meydanda göstərməyi bacardı. Topa ilk toxunuşunda məhsuldar ötürmə ilə yadda qalan kamerunlu futbolçu, bundan 10 dəqiqə sonra isə Bakı təmsilçisinin heyətində ilk qolunu vurdu.
İlk yetmiş dəqiqə ərzində hücum “üçlüyü”ndən istədiyini ala bilməyən “Neftçi”, Samir Abasovun taktiki dəyişiklikləri sayəsində Qəbələ səfərindən 3 xalla qayıtmağı bacardı.