
"Qarabağ"ın sabiq hücumçusu Dino Ndolovu Apasport.az saytına müsahibə verib.
- Hazırda karyeran necə gedir? Cənubi Afrikada oynayırsan. Avropaya qayıtmaq variantı qalmamışdı?
- Keçən il 2 dəfə Avropaya qayıtmaq şansım oldu. Amma tibbi müayinədən keçə bilmədiyim üçün bu baş vermədi. Sol dizimdə kiçik bir problem var idi. Onu əməliyyat etdirib, sağaltmalı oldum. İndi sağalmışam və yaxşıyam. Təklif gəldi və mən də dəyərləndirmək istədim.
- "Qarabağ"a geri qayıtmaq variantı var idi? Yəqin ki, bunu özün də istəyirdin?
- Geri qayıtmağımla bağlı "Qarabağ"la söhbət oldu. Amma bu baş vermədi. Bəli, özüm "Qarabağ"a qayıtmaq istəyirdim. Hələ də bu istəyimdən vaz keçməmişəm.
- Juninyonun gedişindən sonra "Qarabağ" hücumçu axtarışındadır. Səncə, "Qarabağ"da hansı xüsusiyyətli forvard oynamalıdır?
- Düzünü desəm, “Qarabağ”da hansı tip hücumçunun oynamalı olduğunu bilmirəm. Baş məşqçi bu mövsüm üçün hansı tip hücumçuya ehtiyacı olduğunu dəqiq bilir və məncə, siyahıda onun izlədiyi bir neçə oyunçu var. Hər halda, zamanla görəcəyik.
- "Qarabağ" 2025/2026 mövsümündə də Çempionlar Liqasında iştirak edəcək. Səncə, "Qarabağ" əsas mərhələyə qədər irəliləyə biləcək? Qrup mərhələsi?
- Daha əvvəl dediyim kimi, “Qarabağ” artıq böyük səhnədə tanınan böyük komandadır. Onların əsas mərhələyə yüksəlmək üçün təcrübə və imkanları var. Məncə, əvvəllər xırda detallar olub və bəxt onların tərəfində olmayıb. İndi isə komanda təcrübəyə malikdir. Onlara Avropada da uğurlar arzulayıram.
- "Qarabağ" bu mövsüm də Premyer Liqada çempionluq yaşadı. Səncə, nəyə görə "Qarabağ"ın hegemonluğunun qarşısını ala bilmirlər?
- "Qarabağ"ın yaxşı strategiyası var. Onlar yaxşı baş məşqçiyə, rəhbərliyə və futbolçulara malikdirlər. Onların nəticələri əbəs yerə deyil. Çox yaxşı iş ortaya qoyurlar. Ona görə də bu cür uğurlu nəticələr qeydə alınır.