Fərrux Mahmudov: “İki futbolçuya təklif göndərilib, cavab gözləyirik”
12.01.2024 - 23:58
Fərrux Mahmudov: “İki futbolçuya təklif göndərilib, cavab gözləyirik”

"Gözümə ilk dəyən komandadakı pozitiv ab-hava idi. Bunu çoxdandır ki, görmürdüm".

Apasport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş icraçı direktoru Fərrux Mahmudov deyib. O, klubun televiziyasına açıqlama verib:

"Komanda birlik olmuşdu. Bu ab-hava çox xoş idi. Əmin oldum ki, fasilə zamanı futbolçular öz ailələri ilə kifayət qədər vaxt keçiriblər. Ona görə də komandaya yaxşı əhval-ruhiyyə ilə qayıdıblar. Çətin bir il idi. Bu çətinliklərə baxmayaraq, 3-cü pillədə qərarlaşdıq. Mövsümün qalan hissəsində mübarizəyə hazır olmalıyıq. Hədəfimiz avrokuboklarda iştirak etməkdir. Gərgin mübarizəyə hazır olmalıyıq. İnanıram ki, yaxşı olacaq".

Mahmudov yeni transferlər barədə də danışıb: "Yeni ildə yeni baş məşqçidən əlavə olaraq, bura artıq yeni məşqçilər heyəti də gəlib. Yeni qapıçılar üzrə məşqçimiz də buradadır, Emil Babayev bizə qoşuldu. İdman Departamentimiz 50-dən çox oyunçuya baxış keçirib, beş futbolçuya fokuslanıb. Artıq iki futbolçuya təklif göndərilib, cavab gözləyirik. Hər iki oyunçu hücumçudur. Təəssüf ki, hal-hazırda onların adlarını deyə bilmərəm. Həm bir azarkeş kimi, həm də klubun rəhbəri kimi komandadan ancaq qələbə gözləyirəm. Qələbədən başqa, əzmkar bir oyun istəyirəm. Meydançaya ruhlarını qoysunlar".

writer photo
İsmayıl Xeyrullayev
0