“Qəbələ”nin yeni transferi: “İşimizə peşəkar və çox ciddi yanaşırıq”
03.09.2024 - 19:52
“Qəbələ”nin yeni transferi: “İşimizə peşəkar və çox ciddi yanaşırıq”

“Qəbələ”nin yeni transferi Elvin Yunuszadə apasport.az saytına müsahibə verib.

- “Qəbələ”yə tam adaptasiya ola bilmisən? Bu prosesdə çətinlik yaşamadın?
- Açığı, adaptasiya müddətində çətinlik çəkmədim. Həm klubu, həm də baş məşqçini yaxşı tanıyırdım. Futbolçuların bir çoxu ilə də yaxın münasibətim var. Kaxaber Tsxadadzenin fonunda komandada məşqçi işi görünür. “İrəvan”dan ayrıldıqdan sonra bir müddət futboldan uzaq qaldım. Arada fasilə çox oldu. Yenə də, tam istədiyim formaya çatmaq üçün zaman mütləqdir. 

- Komandada ab-hava necədir?
- Hər şey qaydasındadır. Hamının motivasiyası yerindədir. İşimizə peşəkar və çox ciddi yanaşırıq. 

- Çempionluq şanslarınızı necə dəyərləndirirsən?
- Çoxları “Qəbələ”nin rahatlıqla çempion olacağını düşünür. Bu fikirlə razı deyiləm. Keçirdiyimiz yoxlama matçlarından görünür ki, heç bir oyun asan olmayacaq. Qarşımızda duran məqsədi, məsuliyyəti bilirik və dərk edirik. Əlimizdən gələnin artığını edib çempion olmalıyıq.

- İlk turda rəqibiniz “Zaqatala” olacaq. Həmin görüş barədə nə düşünürsən?
- “Zaqatala” ilə yoxlama oyununda qarşılaşdıq. Heç də asan olmadı. Hələ aparıcı futbolçularının bir neçəsi yox idi. İndi daha güclüdürlər. Yeni transferlər də ediblər. Oyuna ciddi hazırlaşırıq.

- Çempionluq yolunda əsas rəqib olaraq kimi görürsən?
- Liqa başlamadan buna cavab vermək çətindir. Amma bir neçə komanda var ki, onların da şansları böyükdür. Bu şansı asanlıqla əldən verməyəcəklər. Lakin “İmişli”ni, “Karvan”ı, MOİK-i vurğulayardım. Yaxşı transferlər ediblər, güclü komanda qurublar. 

İsmayıl Xeyrullayev
 

writer photo
İsmayıl Xeyrullayev
0