Veysəl Rzayev: “Qarabağ” özü də bunun fərqindədir” - MÜSAHİBƏ
18.03.2025 - 16:57
Veysəl Rzayev: “Qarabağ” özü də bunun fərqindədir” - MÜSAHİBƏ

“Turan Tovuz”un yarımmüdafiəçisi Veysəl Rzayev apasport.az saytına müsahibə verib.

- "Turan Tovuz" son turda evdə "Sumqayıt"a uduzdu. Yəqin ki, bu cür məğlubiyyəti özünüz də gözləmirdiz?
- Oyuna yaxşı başlamışdıq. İstədiyimiz qolu da vurduq. Amma hesabı qorumağı bacarmadıq. Futbolda belə hallar normaldı. Sadəcə fərdi səhvlərə görə son turlarda istədiyimiz nəticəni qazana bilmirik. Bunun üzərində çalışacağıq, səhvləri maksimum dərəcədə azaldaraq, növbəti turlarda daha yaxşı çıxış etmək istəyirik. 

- “Turan Tovuz" hazırda 4-cü pillədədir və 43 xalı var, "Sabah" isə 35 xalla 5-ci yerdədir. Ümumiyyətlə, “Sabah”ın nəfəsini və sizi keçmək təhlükəsini hiss edirsiz? 
- Bəli, hər şeyin fərqindəyik. “Sabah” daha da yaxınlaşmaq istəyir. Bunu da bilirik. Növbəti oyunlarda xallar qazana bilməsək, işimiz daha da çətin olacaq. Lakin komanda olaraq özümüzə çox inanırıq. Yaxşı komandamız var. Daha da yaxşı olacağına inanıram.

- Premyer Liqada 2 həftəyə yaxın fasilə verildi. Bunun "Turan Tovuz" üçün yerinə düşəcəyini ehtimal edirsən? Yoxsa, fasilə sizin üçün yaxşı olmadı?
- Məncə, bu fasilədən sonra komanda özünə gələcək. Çünki istər- istəməz yorğunluq olur. Bu da normaldır. Amma fasilədən sonra tam gücümüzlə “Qarabağ” matçına hazırlaşacağıq. Təbii ki, həmin görüşdə də nəticənin yaxşı olması üçün əlimizdən gələni edəcəyik. 

- Milli komandaya dəvət olunacağını ehtimal edirdin? Hər halda, U-21 yığmasında oynamısan və yəqin ki, Fernandu Santuşdan da dəvət gözləyirdin?
- Hər bir məşqçiyə, qərarlarına hörmətlə yanaşıram. Təbii ki, mən də hər futbolçu kimi A milli komandada oynamağı, ölkəmizə və komandamıza xeyir verməyi arzu edirəm. Bəlkə də, növbəti toplanışlarda milliyə dəvət ala bilərəm. Hazırda özüm üçün ən yaxşısını etməyə çalışıram.

- “Turan Tovuz" fasilədən sonra "Qarabağ"la qarşılaşacaq. Bu görüşdə qələbə qazanmaq şanslarını necə dəyərləndirirsən?
- Özünüz də, bilirsiz ki, bu mövsüm “Qarabağ”a uduzmamışıq. Hər halda, “Qarabağ” özü də bunun fərqindədir. Məncə, ona görə bizimlə oyuna daha da aqressiv hazırlaşacaqlar. Lakin biz yenə də öz işimizi görəcəyik. “Qarabağ”la görüşdə xal qazanmaq üçün əlimizdən gələni edəcəyik. Ümidvaram ki, hər şey yaxşı alınar.

- Bu sezon "Turan Tovuz"un avrokuboklara vəsiqə qazanmaq şanslarını necə dəyərləndirirsən? Səncə, bu baş verməsə, uğursuzluq olacaq?
- Bəli, bizim hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır. Şansımız hələ də var. Bunun üçün çalışırıq. Son turlarda nəticələrimiz ürəkaçan olmasa da, onları düzəltməyə çalışırıq. Çünki hazırda sırf bunun üzərində işləyirik. İnanıram ki, yaxşı alınacaq.