Vidadi Rzayev: “Dövlətin ayırdığı pulu yedilər, dağıtdılar” - MÜSAHİBƏ
11.04.2025 - 15:30
Vidadi Rzayev: “Dövlətin ayırdığı pulu yedilər, dağıtdılar” - MÜSAHİBƏ

Azərbaycanlı futbol mütəxəssisi Vidadi Rzayev apasport.az saytına müsahibə verib.

- Yeni mövsümdən Misli Premyer Liqasında legioner limiti tətbiq edilməyəcək deyə, əksər azərbaycanlı futbolçular bundan narahatdırlar. AFFA-nın qəbul etdiyi bu qərarı necə şərh edərdiz? Bu qərar futbolumuza, futbolçularımıza necə təsir edəcək?
- Legioner limitinin ləğvinin tərəfdarı deyildim. Sonuncu yerdə gedən komandalarımıza baxın. “Səbail”, “Kəpəz”, “Şamaxı”da nə qədər legioner oynayır? “Kəpəz” bu mövsüm artıq 13-14 legionerdən istifadə edib. Digər klublarımız da onlar kimi, gətirirlər-göndərirlər, gətirirlər-göndərirlər. Belə şey olar?! Yeni qərarın yerli futbolçulara necə təsir edəcəyini bilmirəm, zaman göstərəcək. Nostradamus və ya Vanqa deyiləm ki, gələcəklə bağlı proqnoz verəm. Amma yerli futbolçulara çətinlik yaradacaq. Hamı deyir ki, rəqabət olacaq, nə bilim nə... Rəqabət olacaq e, bəs gətirilən legionerlərin səviyyəsi nə dərəcədə olacaq? Görmüşəm, şahidi olmuşam. Bir nümunə çəkim. Ad deməyəcəm, “Turan Tovuz”a qış “transfer pəncərəsi”ndə oyunçular gətirdilər, bildiniz də, kimləri deyirəm. Onlar effekt verdilər? Elə oyunçuları gətirirlər, ehtiyatda otururlar, vəssalam. Belə şey olar?! Özləri bilər nə iş görürlər. Yaxşı legioner də mövcud maliyyəyə Azərbaycana gəlmir. Avropada klublar futbolçuya 5-10, ya da 10-15 milyon verir. Biz də Avropayıq, amma onlarla ayaqlaşa bilmərik.

- Bəs, sizcə, AFFA hansı məntiqlə bu cür qərar qəbul edib?
- Yəqin ki, onlar nəsə fikirləşiblər və bu qərarı veriblər. Amma keçmiş futbolçu kimi deyim ki, irəliyə baxanda yol işıqlı görünmür. Legioner limitinin ləğvi bir dəfə olub da, heç bir effekt də verməyib. Yenidən 6+5 limitinə döndülər, ardınca 7+4. Onunla da əmələ gəlmədi. Demək başqa işlər görmək lazımdır. 

- Azərbaycanlı futbolçularda günah nə qədərdir? Niyə xaricə getmirlər? 
- Gürcüstanda yerli liqada pul az olduğuna görə hamısı xaricə gedir. 2007-ci ildə AFFA-da rəhbərlik  dəyişdirildi. Harda görülüb ki, milli məğlub olanda, mükafat alsın? Hamısını doğru deyirəm. Heç-heçə oynayırlar, başa düşdüm, mükafat vermək olar. Milli 2 oyuna 2, yoxsa 3 xal götürdü, AFFA 150-200 min manat mükafat verdi. Belə olandan sonra bu ölkədən kim gedər? Dəlidir ki, getsin? Nə rəqabət var, nə bir şey, oturub burda oynayırlar da. Bəlkə yeni gələn rəhbərlik onu fikirləşib deyə, bu cür qərar verib, deyə bilmərəm. Futbolçunun pulunu kəsmək düzgün deyil, idmançı həyatı qısadır. Amma buna baxmayaraq, özləri də inkişaf etməlidirlər, qabağa getməlidirlər. 

- Azərbaycan millisini, DÇ-2026-dakı qrupumuzu, futbolumuzun hazırkı durumunu gözünüzün qarşısına gətirəndə, nə düşünürsüz? 
- Günah, səhv sistemdədir. Canni De Byazi milliyə yeni gələndə, demişdim ki, ona ehtiyac yoxdur. Premyer Liqada komanda sayı 8 idi. Dedim ki, bu məşqçilərə milyonlar verməkdənsə, liqadakı komanda sayını artırsınlar. Maliyyə olmadığını əsas gətirirdilər. Mən də müsahibə vermişdim və demişdim ki, maliyyə yoxdursa, xarici məşqçilərə milyonları necə verirlər? Milliyə yerli mütəxəssis təyin etsinlər, xarici məşqçilərə verilən milyonlarla da klubların sayını artırsınlar. İndi də Fernandu Santuş. Günah Santuşda, Canni De Byazidə, Robert Prosineçkidə, Karlos Alberto Torresdə, Berti Foqtsda, Nikola Yurçeviçdə deyil. Günah sistemimizdədir. Bu məşqçilərin heç biri pis məşqçi deyildi. Qurban Qurbanov savadlı məşqçidir, millidə işlədi, nəticə olmadı. Demək ki, səhv, günah kökdədir, indi də onu axtarıb-tapmaq lazımdır. 2007-ci ildə gələnlər fundamenti elə qoydular ki... Əlinə planşet alanlar, futbol oynamayanlar töküldülər futbolumuza ki, futbolda pul var. Dövlətin ayırdığı maliyyəni “yedilər”, “dağıtdılar”... 2005-2015-ci illər üçün xüsusi proqram hazırlandı, dövlətimiz futbola pul ayırdı. Amma soruşan yoxdu ki, hanı o pullar, həmin vəsaitlə nə etdilər? Hamısını düz deyirəm. Özlərinə deyirəm, deyirlər ki, düz deyirsən (gülür). Amma nə xeyri var? Futbolumuzun bu durumda olmasının səbəbi 8 noyabr prospektində yerləşən binadır. Orada oturanlar... AFFA-da indiyə qədər olanları deyirəm. İndikilər yenidir, bilmirəm bundan sonra nə iş görəcəklər. Bir ildir ki, gəliblər, nəsə demək... İlk addımlarıdır. Legioner limitinin ləğv etdilər. Yerli futbolçular harda oynayacaqlar? Doğrudur, Premyer Liqada komanda sayını 12 etdilər. 10 komandada 40 futbolçu var idi, indi isə gərək I Liqanın şəraitini düzəldələr, II Liqanı da həmçinin. Premyer Liqa və I Liqa arasında uçurum böyükdür. Kubokda yüksək liqa klubları aşağı liqa təmsilçilərini yeriyə-yeriyə udurlar. Onu düzəltmək, səviyyə yüksəltmək lazımdır. O olmasa, rəqabəti görməsək, heç nə düzələsi deyil. Çox futbolçumuz yəqin ki, I Liqa klubuna gedəcək. Çünki klublarımızın hamısı legionerlərə müraciət edəcək. İndi Premyer Liqada maliyyəsi zəif olan, aşağı yerlərdəki komandalar 13-15 legioner gətirir-göndərir. Təsəvvür edin ki, yeni sezonda limit olmayacaq. Nəysə...