"Omoniya"nın futbolçusu: "Qarabağ" əməlli-başlı digərlərindən öndədir"
01.09.2024 - 18:59
"Omoniya"nın futbolçusu: "Qarabağ" əməlli-başlı digərlərindən öndədir"

"Omoniya"nın müdafiəçisi Adam Lanq Apasport.az saytına müsahibə verib.

- Cavab qarşılaşmasında “Omoniya”nın “Zirə”yə məğlubiyyətini nə ilə əlaqələndirirsən?
- İlk oyundan sonra da öz aramızda danışmışdıq ki, Bakıya qələbə qazanmaq üçün gələk. Fikrimizdə də olan bu idi. Təbii ki, bəzən beyində özünü oyuna kökləmək, motivasiya etmək çətindir. Amma biz əlimizdən gələni etdik. Son dəqiqələrə qədər şansımız var idi. Sadəcə qərar verməkdə çox da yaxşı səviyyədə deyildi. Ona görə də, kifayət qədər şans yarada bilmədik. “Zirə” ilə ikinci matç bərabərsəviyyəli oyun idi. Doğrudur, “Zirə” qol vurdu. Bu da standart vəziyyətdən idi. Topu uzaqlaşdırmışdıq, qayıdan topu götürdülər. Asma etdilər, qol vurdular. Bir anlıq sanki mövqelərimizi itirdik. Həqiqətən “Zirə”nin futbolçusu qəşəng qol vurdu. 

- Yəqin ki, 6:0-dan sonra cavab görüşüöncəsi təhlükə və qorxu hiss etmirdiz? Hər halda, möcüzənin baş verəcəyini düşünmürdüz?
- Tam elə deməzdim. Amma sən peşəkar atletsən, bura gəlib cavab oyununu oynamalı və mübarizə aparmalısan. Oyuna da ilk matç 0:0 olmuş kimi çıxmalısan. Çalışdıq. İlk oyundakı kimi kifayət qədər dominant oynaya bilmədik. İkinci görüşdə bərabərsəviyyəli oyun getdi. Bizim də, “Zirə”nin bir neçə qol şansı oldu. Onlar vurdu, biz vura bilmədik. Ona görə də uduzduq. Bakıdakı oyunun nəticəsindən razı qalmasaq da, ümumilikdə qalib gəldik, Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla, məqsədimizi çatdıq. Ona görə özümüzü xoşbəxt hiss edirik.

- 6:0 hesabı “Zirə” və “Omoniya” arasında səviyyə fərqini göstərir? Yoxsa, komandalar arasında 6:0 olacaq dərəcədə səviyyə fərqi yox idi?
- Hər oyun fərqli alınır. Birinci oyunda kifayət qədər şanslar yaratdıq. Məhsuldar olduq. Dominant oynadıq. “Zirə” də kifayət qədər fərdi səhvlərə yol verdi. Birinci oyunda bərabərsəviyyəli oyun deyildi, biz daha dominant idik. Amma Bakıdakı görüşdə bərabəsəviyyəli matç keçdi.

- “Qarabağ”, “Qəbələ” komandalarına qarşı oynamışdın. “Zirə”yə qarşı da meydanda oldun. Üç oyun arasında hansı daha ağır idi?
- “Qarabağ”. Suala ehtiyac yoxdur. 100 faiz “Qarabağ”a qarşı matç. Onların kifayət qədər təcrübəsi var. Yaxşı futbol oynayırlar, yaxşı oyunçuları var. Hər mövsüm hansısa turnirdə avrokuboklarda iştirak edirlər. “Qarabağ”ın kifayət qədər təcrübəsi var. Oyunu da diqtə edə bilirlər. Tempi də əldə saxlayırlar, yaxşı oynayırlar. Müqayisə edəsi olsaq, “Qarabağ” əməlli-başlı digərlərindən öndədir.

writer photo
İsmayıl Xeyrullayev
0