Ceyhun Sultanov: “Günah Eddidə yox, onu meydana buraxan məşqçidədir” - Müsahibə
20.11.2023 - 13:39
Ceyhun Sultanov: “Günah Eddidə yox, onu meydana buraxan məşqçidədir” - Müsahibə

Azərbaycan milli komandasının veteran futbolçusu Ceyhun Sultanovun apasport.az saytına müsahibəsi

- Azərbaycan millisinin İsveç üzərindəki qələbəsindən sonra Belçika ilə görüşdə də xal qazanacağına inamın var idi, yoxsa uğursuzluğu ehtimal edirdin?
- Düzü, İsveçlə görüşdən sonra hardasa inam var idi ki, milli yaxşı oynayacaq. Məğlub da olacaqları ehtimal edilirdi. Lakin oyun sarıdan millinin fərqli oynayacağını düşünürdüm. Əfsuslar olsun ki, Belçikaya da uduzduq.

- Belçika ilə görüşdəki 0:5 hesablı məğlubiyyəti necə şərh edərdin? Səncə, niyə milli bu cür mübarizəsiz uduzdu?
- Bir atımlıq barıtla günəş olmur. Biz bu gün o durumda deyilik ki, 2-3 oyunu ardıcıl olaraq eyni səviyyədə oynayaq. Hər halda, bu mümkün deyil. Belçikaya da uduzmaq olardı, ancaq daha 0:5 hesabı ilə yox da...

- Eddi İsrafilovun məsuliyyətsizcəsinə aldığı qırmızı vərəqə haqda nə deyəcəksən? Səncə, onun meydandan qovulması millinin məğlubiyyətinə səbəb oldu?
- Əgər futbolçu tam hazır vəziyyətdə deyilsə, mütləq çatdırmayanda sarı vərəqə də alacaq, qırmızı da. Günah Eddidə yox, onu meydana buraxan baş məşqçidədir.

- Ümumiyyətlə, milli üzvlərinin əksəriyyətinin himni bilməməsi, oxumaması, meydanda da bu cür məsuliyyətsiz oynamasının səbəbkarı kimdir? 
- Məncə, Azərbaycan millisi hazırda milli yox, sadəcə yığma komandadır. Günah özümüzdədir ki, həmin futbolçular himni bilmirlər. Məsələn, Renat Dadaşov. Almaniyada doğulub, amma sonradan portuqal dilini öyrənib danışır. Amma Azərbaycan dilini öyrənməyib. Buna söz tapa bilmirəm. Əgər sən portuqal dilini öyrənirsənsə, Azərbaycan dilini də öyrənməlisən. O isə bunu etməyib. 

- Səncə, bu, Canni De Byazi üçün millinin baş məşqçi postunda sonuncu oyun idi? Yoxsa, fikrincə AFFA yenə də onu postunda saxlayacaq?
- Həmişə demişəm, Canni De Byazi bizə lazım olan məşqçi deyil. Lap qələbə qazansaydıq belə, effekti olmayacaqdı. Qalıb-qalmaması məndən asılı deyil. Məndən olsaydı, onu çoxdan göndərərdim. Bu qərarı AFFA və İcraiyyə Komitəsi verir. Ona görə də, nəsə deyə bilmərəm.

- Ümumiyyətlə, milli bu qrupda daha yaxşı çıxış edə bilərdi, yoxsa De Byazi ilə bunu etmək qeyri-mümkün idi?
- Bu nəticəni De Byazisiz də qazana bilərdik. Sadəcə onunla zaman itirdik. De Byazi nə etdi? İrəliləyiş üçün nələri etdi? Biz onsuz da bu xalları toplayacaqdıq. İnanın ki, belədir. Biz onunla yalnız vaxt itirdik. 

- Qazaxıstan Sloveniyaya qalib gələrsə, millimiz Millətlər Liqasında pley-off matçı oynayacaq. Səncə, belə olarsa, millimizi bu oyunlara kim çıxarmalıdır? Və yaxud da, millimiz bu oyunlara hansı gücünə güvənib çıxmalıdır?
- Nə olursa-olsun yəqin ki, həmin oyuna Canni De Byazi ilə çıxacaqlar. Şəxsi fikrim belədir. Hansı gücə gəldikdə, hansı komanda düşəcəksə, hansı komanda ilə oynayacağıqsa, bacardığımızın bir üstünü etməliyik ki, nəticə qazanaq, finallara yollanaq. Zaman hər şeyi göstərəcək.

- Son olaraq, səncə, millinin baş məşqçi postuna kimi dəvət etmək lazımdır? Namizədin var?
- Milliyə yerli baş məşqçi gəlməlidir. İndiki durumda yerli olmalıdır. Adını demək istəmərəm. Biz də yetərincə məşqçi var ki, millidə işləsin. İnanın, ən azından bundan pis olmayacaq ki, yaxşı olacaq.

writer photo
Rasim Sultanzadə
0