Şahin Diniyev: “Eyforiyaya qapılmışdıq, hamımız günahkarıq” - Müsahibə
20.11.2023 - 14:31
Şahin Diniyev: “Eyforiyaya qapılmışdıq, hamımız günahkarıq” - Müsahibə

“Səbail’in baş məşqçisi Şahin Diniyevin apasport.az saytına müsahibəsi

- Millimiz AVRO-2024-ün seçmə qrup mərhələsində son oyununu keçirdi. Belçika ilə oyundakı ağır məğlubiyyəti nə ilə izah edərdiniz? 
- Ümumiyyətlə, hər birimiz üçün 3:0 hesablı qalibiyyətimizdən sonra bu nəticəni görmək heç də ürəkaçan deyil. Əlbəttə, Belçikanın heyəti çox güclüdür, onlarla başa-baş deməzdim, amma daha yaxşı mübarizə apara bilərdik. Komanda bacardığını göstərdi, imkan yarandığı qədər mübarizə apardılar.

- Bu oyunda artıq ilk hissədə qapımızda 4 qol gördük. Bu qədər zəif çıxışın səbəbini nədə görürsünüz? Günahkar kimdir? 
- Günahkar axtarmaq lazım deyil, çünki hamımız günahkarıq. Günahın faizi var, kiminin çox, kiminin az. Amma təkcə baş məşqçini və ya futbolçuları günahlandırmaq doğru deyil. 

- Qırmızı vərəqənin nəticəyə nə dərəcədə təsiri oldu? Eddi İsrafilovun qısa müddətdə aldığı iki sarı vərəqə komandanı pis vəziyyətə saldı... 
- Oyunda baş verən ən böyük səhv İsrafilovun səhvi idi. Əgər bir futbolçu 3 dəqiqə ərzində sarı kartı ola-ola düşünülməmiş şəkildə rəqibə bu cür müdaxilə edirsə, bu böyük xətadır. Yəni, bu hərəkət futbola və futbolçuya yaraşan hərəkət deyil.

- Bunu oyunçunun qeyri-peşəkarlığı ilə əlaqələndirə bilərik?
- Ümumiyyətlə, buna nə ad qoysaq, doğrudur. İstər məsuliyyətsizlik adlandıraq, istərsə də qeyri-peşəkarlıq. 

- İsveçlə parlaq oyundan sonra belə böyük uğursuzluq yaşandı. Qısa müddətdə böyükhesablı qələbə və məğlubiyyət qeyri-sabitliyi göstərir, yoxsa bunu nə ilə izah etmək olar? 
- Belə deyə bilərəm ki, hamımız eyforiyaya qapılmışdıq. Fikirləşirdik ki, komandamız düzəlib. Bu barədə çox suallar ola bilər, istər heyətin dəyişkən olması, istər qeyri-stabil oyun. Amma fakt olduğu kimi qalır. Qeyri-sabit komandalarda bu cür oyunlar tez-tez olur.

- Artıq tsikl başa çatıb. Canni de Byazinin işi haqqında nə deyə bilərsiniz? 
- Mənim həmişə təkrarladığım bir sözüm var. Bizim ən böyük çatışmazlığımız ondadır ki, hər il noyabr-dekabr aylarında baş məşqçi dəyişikliyini gündəmə gətiririk. 31 ildir ki, bu sahədəyəm. Bu müddət ərzində problemi ancaq baş məşqçidə axtarmışıq, amma hələ də həllini tapmamışıq. Deməli, problem orada deyil. 

-  Bəs, problem nədədir? Axı, bunun bir səbəbi olmalıdır.
- Səbəb çoxdur. Adicə bizim milli komandada oynayan futbolçularımıza baxın. Əksəriyyəti Rusiyada yetişib. Təkcə, uşaq futboluna və ya maddi-texniki bazaya diqqət ayırmaqla deyil. Bu elədir ki, kompleks şəkildə diqqət yetirilməlidir. Futbolun bütün sahələri inkişaf etdirilməlidir.

- İtaliyalı baş məşqçi oyundan sonra da qalmaqallı açıqlama ilə yadda qalıb. Baş məşqçinin jurnalistləri təhqir etməsinə necə qiymət verirsiniz? 
- Ümumiyyətlə, kimliyindən asılı olmayaraq həm baş məşqçi, həm də futbolçular jurnalistlərə, azarkeşlərə qarşı diqqətli olmalıdırlar. Belə demək olar ki, bizi, yəni məşqçiləri, futbolçuları məşqçi, futbolçu edən jurnalistlər və azarkeşlərdir. Ona görə də onlara daha diqqətlə yanaşmaq lazımdır. Hətta ən tənqidi suallar belə təmkinlə cavablandırılmalıdır.

- Bu gün Qazaxıstan Sloveniyaya qalib gəlsə, Azərbaycan millisi tarixində ilk dəfə Avropa çempionatının pley-offuna qatılacaq. Qazaxıstanın qələbə şanslarını və millimizin perspektivini necə görürsünüz?
- Yenə biz kiminsə qalib gəlməsini axtarırıq. Bu yanlış düşüncədir, bunu gözləməyə dəyməz. Tutalım ki, millimiz pley-offa qatıldı. Bəs sonra? Əgər, pley-offa düşüb sonra yenə eyni oyun sərgiləyəcəyiksə, bunun heç bir xeyri olmayacaq. Əsas öz inkişafımızı diqqətdə saxlamalıyıq

writer photo
Rasim Sultanzadə
0