“Azərbaycan önümüzü kəsmişdi” - Nikola Lazetiçdən yığmaya çağırış
08.12.2020 - 23:23
“Azərbaycan önümüzü kəsmişdi” - Nikola Lazetiçdən yığmaya çağırış

“Püşkatmanın nəticəsindən razıyam. Çox çətin ola bilərdi, ancaq eyni zamanda torbadan daha asan komandalar da çıxarmaq mümkün idi”.

Apasport.az saytının məlumatına görə, bunu Serbiya millisinin sabiq hücumçusu Nikola Lazetiç DÇ-2022-nin seçmə mərhələsində komandanın düşdüyü qrupu dəyərləndirərkən deyib.

Serbiya Futbol Assosiasiyası tərəfindən aşağı yaş qrupu üzrə milli komandaların direktoru vəzifəsinə gətirilən Nikola Lazetiç yer aldıqları A qrupunda şanslarının olduğunu düşünür: “Kağız üzərində final mərhələsinə vəsiqə qazanmaq şansının real olduğunu görmək xoşdur. Seçmə mərhələyə iddialı qoşulmaq və mümkün olan ən yaxşı nəticəyə ümid bəsləmək vacibdir. Komandamızın bu qrupdakı potensialı ilə bağlı çox nikbinəm”.

42 yaşlı mütəxəssis qrupda, xüsusən də, Azərbaycan millisinə qarşı diqqətli olmağın vacibliyini vurğulayıb. O, 2003-cü il fevralın 12-də AVRO-2004-ün seçmə mərhələsində 2:2 hesabı ilə nəticələnən Serbiya və Monteneqro – Azərbaycan matçı ilə bağlı acı xatirələrini bölüşüb: “Bizim dövrümüzdə məhz Azərbaycan millisi ilə oyunlardakı itkilər önümüzü kəsmişdi. Bu, kağız üzərində yazılanların müasir futbolda mühüm rol oynamadığının ən yaxşı sübutudur. Favoritlər heç vaxt arxayınlaşmamalı və hər bir rəqibi mütləq dəyərləndirməlidir. Oyunlar istəklə qazanılır, heç kimin özünü öncədən qalib elan etməsinə icazə verilmir. Azərbaycanla Podqoritsadakı matçda çox xoşagəlməz təcrübə yaşadıq. Mənim də qol vurduğum görüşdə 2:0 öndə olsaq da, qələbə qazana bilmədik. Bu təcrübə bizə baha başa gəldi. Çünki Avropa çempionatına vəsiqə yolunda qızıl xallar itirdik. Ümid edirəm ki, mən və o vəziyyətdən keçən oyunçularımızın əksəriyyəti hazırkı millinin diqqətini Azərbaycana qarşı görüşlərdə onları gözləyən tələlərə yönəldə biləcəyik. Əminəm ki, bundan maksimum dərəcədə istifadə edəcəklər”.

Qeyd edək ki, Serbiya A qrupunda Azərbaycanla yanaşı, Portuqaliya, İrlandiya və Lüksemburqla mübarizə aparacaq.
 

0