“Mançester Yunayted” Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsində “Atletiko”ya yenilərək mübarizəni dayandırıb.
Apasport.az saytının məlumatına görə, İspaniya təmsilçisi evdəki bərabərliyin (1:1) ardından səfərdə 1:0 hesablı qələbə sayəsində yoluna davam edib.
Bununla “Atletiko” həm də “qırmızı şeytanlar”ı “Old Trafford”da məğlub etməyi bacaran 6-cı İspaniya klubu olub. Premyer Liqa klubunu Mançesterdə məyus edən ispan təmsilçiləri bunlardır...
“Real” (2000, 2013)
“Mançester Yunayted”i “Old Trafford”da iki dəfə məğlub edən yeganə İspaniya klubu “Real”dır. “Kral klubu” 2000-ci ildə 0:0-ın revanşında səfərdə 3:2 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib. 2013-cü ildə isə 1/8 finalda Madriddə 1:1, Mançesterdə isə 1:2 hesabı qeydə alınıb.
“Deportivo” (2001)
“Deportivo” ilə “Mançester Yunayted” 2001-ci ildə iki dəfə rəqib olublar. Qrupdakı hər iki matçda ispanlar qalib gəliblər. 1/4 finalda komandalar yenidən rəqib olublar. Ancaq bu dəfə “qırmızı şeytanlar” hər iki görüşdə rəqibini məğlub edərək mübarizəni davam etdirib.
“Atletik” (2012)
Siyahıdakı yeganə Avropa Liqası oyunu “Atletik”ə qarşı olub. 2012-ci ildə bu cütlüklər arasındakı hər iki qarşılaşmadan bilbaolular üstün ayrılıb. “Atletik” səfərdə 3:2, evdə isə 2:1 hesablı qələbəyə sevinib.
“Sevilya” (2018)
2018-ci ildə Çempionlar Liqasının 1/8 final mərhələsində “Mançester Yunayted”in önünü “Sevilya” kəsib. İlk görüşdə öz meydanında qolsuz bərabərə qalan əndəlüslülər “Old Trafford”dakı 2:1 hesablı qalibiyyətlə mərhələ adlayıblar.
“Barselona” (2019)
2019-cu ildəki 1/4 final mərhələsində “Mançester Yunayted” “Barselona” ilə qarşılaşıb. Kataloniya təmsilçisi rəqibini Mançesterdə 1:0, Barselonada isə 3:0 hesabı ilə məğlub edib.
“Atletiko” (2022)
Bu mövsüm ÇL-in 1/8 finalında bir-birinə rəqib olan “Atletiko” ilə “Mançester Yunayted”in Madriddəki duelində bərabərlik (1:1) qeydə alınıb. Ancaq “Old Trafford”dakı görüşdə 0:1 hesabı ilə uduzan “mankunianlar” üçün avrokubok macərası başa çatıb.