“Mövsümün ikinci yarısına tam hazır olacağıq” - İvitsa Juniç
13.01.2020 - 16:42
“Mövsümün ikinci yarısına tam hazır olacağıq” - İvitsa Juniç

“Hazırlığa yanvarın 4-də Bakıda başladıq. Artıq iki gündür Türkiyədə məşq edirik”.

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin futbolçusu İvitsa Juniç deyib.

Klubun rəsmi saytına açıqlama verən xorvatiyalı müdafiəçi mövsümün ikinci yarısının hazırlıqlarını dəyərləndirib: “Toplanışın ilk günündən bütün futbolçular səylə çalışır, istəklidirlər. Məşqlərə başladığımız vaxtdan yaxşı hazırlıq keçirik. Komandada yüksək atmosfer var. Bunun da hazırlıq prosesinə müsbət təsiri böyükdür. Antalyadakı məşq qrafikimiz daha sıxdır. Mövsümün ikinci yarısına tam hazır olmaq üçün toplanış çərçivəsində həm fiziki, həm də texniki-taktiki hazırlıq üzərində çalışacağıq”.

Juniç toplanış çərçivəsində baş tutacaq yoxlama oyunları barədə də danışıb: “Bakıda gerçəkləşən hazırlığı MOİK-lə qarşılaşma ilə başa vurduq. 4:0 hesablı qələbə səfərə yüksək əhval-ruhiyyə ilə çıxmağımıza səbəb oldu. Türkiyədə daha 4 matça çıxacağıq. Məşqlərlə yanaşı, bu qarşılaşmaların da faydası böyükdür. Hazırlıq prosesində üzərində çalışdığımız texniki-taktiki elementlərin icrasını oyunda görmək səmərəli olacaq. Bu görüşlərə yaxşı hazırlaşacağıq. Hesab edirəm ki, matçlarda yaxşı oyun nümayiş etdirib, mövsümün ikinci yarısına tam hazır olacağıq”.

0
İvitsa Juniç Qəbələ hazırlıq