![“O, "Neftçi"ni yaxşı səviyyəyə gətirəcək” – Xəqani Məmmədov](https://apasport.az/storage/news/2020/january/22/big/1579696851641_A6Rb3RE7.jpeg)
"Nikola Yurçeviç millidə elə də böyük çevriliş etmədi ki, onu postunda saxlasınlar. AFFA-nın xorvatiyalını göndərməkləri normal addım idi".
Bunu apasport.az saytına Azərbaycan millimizin sabiq üzvü Xaqani Məmmədov deyib.
Hazırda "Qəbələ"nin Futbol Akademiyasında məşqçi kimi çalışan Məmmədov yığmaya Azərbaycan futbolunu bilən məşqçinin gətirilməsini məsləhət görüb: "Millimizə gələcək məşqçi futbolumuzu, oyunçularımızın xarakterini, xasiyyətini bilməlidir. Ölkə futbolunun hansı səviyyədə olduğu barədə də məlumat toplamalıdır. yığmamız üçün can yandırıb, yaxşı səviyyəyə gətirib çıxarmalıdır".
Veteran hücumçu qardaşı Füzuli Məmmədovun "Neftçi"də baş məşqçi postuna təyin edilməsindən də danışıb. Onun fikrincə, klub rəhbərliyi çalışdırıcının arxasında dursa, nəticə verə biləcək: "Neftçi"nin bu addımını yüksək qiymətləndirirəm. Bunu qardaşım olduğuna görə demirəm. Füzuli özü futbol adamıdır, böyük futbol oynayıb, savadlı məşqçidir, çalışqan biridir. Düşünürəm ki, o, "Neftçi"də çox yaxşı işlər görəcək, komandanı yaxşı səviyyəyə gətirib çıxaracaq. Füzuliyə yalnız dəstək olub, arxasında durmaq lazımdır. "Neftçi" rəhbərliyi artıq bunu edib. İnanıram ki, onlar əl-ələ verib komandanı yaxşı duruma gətirəcəklər. Füzuli Məmmədovun komanda yaratmaqda yetərincə təcrübəsi var. O, "Neftçi"ni yaxşı səviyyəyə gətirəcək. Baş məşqçi postunda daima qala biləcəkmi? Bu futboldur, futbolun acı üzü də var, yaxşı üzü də...".