“Müqaviləsi yaya qədər olan futbolçuların hər biri ilə individual danışığımız olacaq”.
Bunu apasport.az saytına “Qarabağ”ın baş meneceri Asif Əsgərov deyib.
Klub rəsmisi müqavilə müddəti başa çatan oyunçularla bir araya gəlməyə tələsmədiklərini söyləyib. Əsgərov bu baxımdan hər hansı bir problem yaşanacağına inanmır: “PFL bu günlərdə mövsümün qalan hissəsinin təqvimini göndərməlidir. Biz də son tarixi bilib, buna uyğun oyunçularla danışıq aparacağıq. Futbolçularla müqavilə müddətimiz iyunun sonuna qədər olduğundan, hələ vaxtımız var. Oyunçuların mövsümün axırına qədər komandada qalmasında hər hansı bir problem yaşayacağımızı düşünmürəm.
Klub rəsmisi icarə müddəti bitən Araz Abdullayev (“Panionios”) və Ailton Silvanın (“Ştutqart”) məsələsinə də münasibət bildirib. O, xüsusən də, braziliyalı üçün Almaniya klubu ilə görüşəcəklərini deyib: “Bildiyim qədərilə Arazın klubu ilə müqaviləsi müddəti bitir. Ailton üçün isə “Ştutqart”la danışacağıq. Əvvəlcə Ailtonun özü ilə qarşılıqlı razılaşdıqdan sonra “Ştutqart”a öz fikirlərimizi yazacağıq”.
Qeyd edək ki, “Qarabağ”da bir çox futbolçunun müqavilə müddəti iyunun 30-na qədərdir.