“Təəssüf ki, bu alınmayacaq” – millimizin baş məşqçisi
24.02.2021 - 12:10
“Təəssüf ki, bu alınmayacaq” – millimizin baş məşqçisi

“Fikrimcə, komandanın hazırlıq durumu əvvəlki oyunla müqayisədə indi daha yaxşıdır. Çünki bu dəfə hazırlaşmaq üçün vaxtımız çoxdur”.

Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva deyib.

Avropa çempionatının seçmə qrup mərhələsində martın 4-də və 9-da Moldova yığması ilə qarşılaşacaq Azərbaycan millisi məşqlərini davam etdirir. Qarşıdakı oyunlara hazırlıq, eləcə də heyətlə bağlı baş məşqçi Joze Alesio Da Silva Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlama verib: “Əgər Slovakiya ilə matça biz cəmi 10 gün məşq keçməklə çıxmışdıqsa, indi aktivimizdə ən azı iki rəsmi oyun da var. Yəni yanvardakı məşqlər və sonra iki görüş keçirməyimiz komanda olaraq boşluqları görməyimizə və aradan qaldırmağımıza imkan verdi. Təbii ki, qarşıdakı günlərdə də “axsadığımız” məqamlar üzərində işləyəcəyik”.

Baş məşqçi heyətlə bağlı problemlərin olduğunu da etiraf edib: “Fineo zədəli olduğuna görə Slovakiya və Yunanıstana qarşı oyunlarda iştirak etmədi. Düzdür, o, məşqlərə başlayıb, amma tam hazır deyil. Bakıdakı matçda iştirak edib-etməyəcəyini deyə bilmərəm. Ümid edirəm ki, ən pis halda səfərdəki oyuna hazır olacaq. İsa Atayevin də yüngül zədəsi var, Fineodan fərqli olaraq o, bizə kömək edəcək vəziyyətdədir”.

Rəqib haqda da danışan Alesio Moldova yığmasının hazırda yaxşı formada olduğunu vurğulayıb: “Əlbəttə, rəqibimiz olduğuna görə, Moldovanın hər iki matçını izləmişəm. Həm də təxminən ilyarım əvvəl qarşılaşmışdıq. Oyun üslubu tanışdır, elə də dəyişiklik yoxdur, amma komanda olaraq yaxşı formadadırlar. Bu da onların daha əvvəldən hazırlıq və yoldaşlıq oyunları keçirməsi ilə bağlıdır. Meydanda çox intizamlıdırlar. Nəticələri də bunu deyir. Xüsusilə də, Slovakiyaya qarşı oyunlarını qeyd edərdim. Həmin matçda hətta qələbə qazanmağa da yaxın oldular. Ona görə diqqətli olmalıyıq”.

Millinin çalışdırıcısı toplanış üçün bir həftənin yetərli olduğunu bildirib: “Fevralın 25-dən toplanışa başlayacağıq. Ancaq toplanışa qədər də məşqlərimizi edirdik. Ona görə qarşıdakı günlərin tam hazır olmaq üçün yetərli olacağı qənaətindəyəm. Yaxşı olardı ki, legioner kimi başqa ölkələrdə çıxış edən futzalçılarımız da ilk gündən hazırlığa qoşulsunlar. Təəssüf ki, bu alınmayacaq. Çünki onların formasını geyindiyi klubların çempionat oyunları var”.

Alesio hər iki oyunda qazanılacaq qələbənin belə liderliyi təmin etməyəcəyini deyib: “Rəqibimizə hörmətlə yanaşırıq. Bizim tapşırığımız isə hər iki oyunda qələbə qazanmaq, aktivimizə 6 xal yazdırmaqdır. Bunu reallaşdırsaq, liderliyi təmin edəcəyikmi? Bu haqda danışmaq tezdir. Ancaq mübarizənin sona qədər davam edəcəyini düşünürəm”.
 

0