«Standard»ın litvalı legioneri: «Azərbaycan futbolçuları özünü Berti Foqtsa göstərməlidir»
25.03.2008 - 14:19
«Standard»ın litvalı legioneri: «Azərbaycan futbolçuları özünü Berti Foqtsa göstərməlidir»
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. «Məncə, futbol üzrə Litva millisi Azərbaycanla oyunda qalib gələcək». Bunu «APA-Sport» agentliyinə açıqlamasında Bakının «Standard» futbol klubunun litvalı oyunçusu Edvinas Lukoşeviçyus deyib. Martın 26-da Vilnüsdə keçiriləcək Litva və Azərbaycan milli komandalarının yoxlama oyununda həmyerlilərini üstün sayan müdafiəçi komandamızın hansı stimulla meydana çıxacağını da bilir: «Ən azı meydan amili bizim xeyirimizədir. Düzdür, sizdən fərqli Litvada hələ çempionat başlamayıb, lakin millidə legionerlərin çoxluğu bunu hiss etdirməyəcək. Açığı, komandanızın da güclü stimulu var. Eşitdiyimə görə, yeni məşqçiniz Berti Foqts da oyunu izləyəcək. Özlərini ona göstərmək üçün futbolçularınız əllərindən gələni əsirgəməyəcək».
Vətənində heç vaxt milli komandalara cəlb olunmayan müdafiəçi Litva yığmasının kapitanı ilə yaxın dostdur: «Hazırda İtaliyanın «Qrosseto» klubunda çıxış edən Tomas Danilyeviçyusla birlikdə böyümüşük. O karyerasını mənimlə birgə «Atlantas»da başlayıb, indi isə millinin kapitanıdır. Məni bir vaxtlar U-18-ə dəvət edirdilər. Amma rəsmi matçlarda çıxış etməmişəm».
Qeyd edək ki, cari mövsümdə Azərbaycan Premyer Liqasında 3 litvalı futbolçu çıxış edir.
0