Kaxaber Tsxadadze: “Əsas təhlükəni həmyerlimdən görürəm”
03.04.2008 - 11:07
Kaxaber Tsxadadze: “Əsas təhlükəni həmyerlimdən görürəm”
Bakı. Mehman Süleymanov-APA-Sport. “Zaqatalanın “Simurq” klubunu Gürcüstanda işlədiyim dövrdən tanıyıram. Bu komandanın vətənimdə hazırlıq prosesi çərçivəsində keçirdiyi yoxlama oyunlarını izləmişəm”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Bakının “Standard” klubunun baş məşqçisi Kaxaber Tsxadadze deyib. 40 yaşlı gürcüstanlı mütəxəssis Azərbaycan Premyer Liqasının qarşıdakı turu çərçivəsində “Şəfa” stadionunda görüşəcəkləri “Simurq” klubunu ciddi rəqib sayır: “Rəqib futbolçuların fiziki göstəriciləri, hazırlığı yaxşı səviyyədədir. Bu komandanı məğlub etmək bizim üçün heç də asan olmayacaq”. “Simurq”un hücum xəttini güclü hesab edən K.Tsxadadze əsas təhlükəni həmyerlisindən görür: “Rəqib komandanın heyətində çıxış edən həmyerlilərimdən Kaxaber Çxetianidən fərqli, David Bolkvadzeni tanıyıram. Qışda Azərbaycana gələn bu futbolçu Gürcüstanda da yaxşı oyun nümayiş etdirib. David Tiflisin “Ameri” klubunun heyətində iki qat ölkə kubokunun qalibidir. Bolkvadzenin “Simurq”un heyətində son 4 oyunda meydanı qolsuz tərk etməməyi haqda məlumatım var. Rəqibdə əsas təhlükəli futbolçulardan biri həmyerlimdir. Davidin yenə qol vurmasına əngəl olmalıyıq”.
Qeyd edək ki, K.Tsxaxadze “Standard”ın sükanı arxasında yeganə böyük hesablı məğlubiyyəti (1:4) “Neftçi”də çıxış edən həmyerlisi Georgi Adamiyanın etdiyi het-trik sayəsində alıb.


0