Samir Musayev: “Bakı”nı məğlub etsək, çempionluğumuz 70 faiz təmin olunacaq”
03.04.2008 - 13:24
Samir Musayev: “Bakı”nı məğlub etsək, çempionluğumuz 70 faiz təmin olunacaq”
Onun sözlərinə görə, Azərbaycan Premyer Liqasının qarşıdakı turunda “Bakı”nı məğlub etməklə, çempionluq şansını xeyli artırmış olacaqlar: “Fikrimcə, qarşıdakı oyunda qələbə qazansaq, çempionluğumuzu 70 faiz təmin olunacaq. Çünki “Bakı” ilə səfər oyunundan sonra “Neftçi”ni qəbul edəcəyik. Bu matçda da heç-heçə etsək, çempionluq vəzifəsi demək olar reallaşacaq”. Karyerasında hələ çempion olmayan S.Musayevin “Bakı” ilə görüşdə meydana çıxması çox vacibdir. Məsələ ondadır ki, “Olimpik”in hücumçuları Junivan Suareslə Fərrux İsmayılovun cəzalı olduqları üçün qarşıdakı turu buraxacaqlar. S.Musayevin isə zədə ilə bağlı problemi olduğundan “Bakı”ya qarşı oynaması sual altındadır: “Bu oyunda mənə böyük ehtiyac olmasını yaxşı başa düşürəm. Çünki hücumçumuz qalmayıb, demək olar yalnız mənəm. Hələ ki fərdi məşq edirəm və həkimlər oyunadək sağalmağıma çalışır. Yəqin ki, keçmiş komandamla görüşdə meydana çıxacağam”. Ötən mövsüm “Bakı”nın şərəfini qoruyan 29 yaşlı hücumçu sabiq klubunu güclü rəqib sayır: “Bakı”nın oyunu xeyli yaxşılaşıb, çox xoşuma gəlir. Makedoniyalı mütəxəssis Qyoko Hacievski yaxşı komanda yaradıb. Hər halda, biz də zəif deyilik. Keçmiş komandamla oyunlar mənim üçün xüsusi prinsipiallıq kəsb etmir. Sadəcə, bir hücumçu kimi özümü göstərmək istəyirəm”.


0