Bernard Lippert AFFA-da klubların baş məşqçiləri ilə görüşüb
03.04.2008 - 18:25
Bernard Lippert AFFA-da klubların baş məşqçiləri ilə görüşüb
Bakı. Mehman Süleymanov-APA-Sport. Azərbaycanın 19 və 21 yaşlılardan ibarət yığma komandasının baş məşqçisi Bernard Lippert bu gün klubların baş məşqçilərinin iştirakı ilə yığıncaq keçirib. AFFA-nın inzibati binasında keçirilən toplantıda iştirak edən “İnter” klubunun baş məşqçisi Valentin Xodukin “APA-Sport” agentliyinə verdiyi açıqlamasında görüşün səmərəli keçdiyini bildirib: “Lippert aşağı yaş qruplarından ibarət yığmasında görülən işlərlə bağlı hesabat xarakterli çıxış etdi. O, Azərbaycana dəvət etdiyi həmyerliləri olan həkimlərin fiziki hazırlıqla bağlı götürdüyü test normativlər haqda məlumat verdi. Azərbaycanlı futbolçuların fiziki durumunun qeyri-qənaətbəxş olduğunu deyən bunu zəif göstəricilərlə əsaslandırdı. Lippertin danışıqlarından belə qənaətə gəldim ki, o, klub çalışdırıcılarının yeniyetmə futbolçuların hazırlığına güclü nəzarəti, onları hazırlayan məşqçilərin işinə təsir edilməsini istəyir. Yəqin ki, klubların çalışdırıcıları ilə növbəti belə görüşü Azərbaycan milli komandasının yeni almaniyalı baş məşqçisi Berti Foqts keçirəcək”. V.Xodukinin sözlərinə görə, “Olimpik”, “Neftçi”, “Xəzər-Lənkəran”, “Bakı” klubunun sükanı arxasında olan həmkarları yığıncaqda iştirak etməyib.
0