Əsgər Abdullayev: “İndidən çempionluqdan danışmaq tezdir”
04.04.2008 - 13:08
Əsgər Abdullayev: “İndidən çempionluqdan danışmaq tezdir”
“Bu komanda mənim üçün yad deyil. Sabiq klubumun sükanı arxasında ölkə kubokunu qazanmışam. “Bakı”nı hazırda tutduğu yerdən asılı olmayaraq, güclü komanda sayıram. Hər bir oyuna olduğu kimi, bu görüşə də qələbə qazanmaq üçün çıxacağıq. Ancaq heyətimizdə olan problemləri nəzərə alsaq, buna nail olmaq çətindir”. Qarşıdakı matçda bir neçə aparıcı futbolçunun xidmətindən məhrum olan Ə.Abdullayevin xüsusilə hücum xəttində ciddi problemi var: “Dörd futbolçumuz – Rauf Mehdiyev, Yaşar Abuzərov, Junivan Suares və Fərrux İsmayılov cəza üzündən kənarda qalacaq. Yuri Muzika və Samir Musayevin isə zədə ilə bağlı problemi var. Çətinliyimiz olsa da, hər halda, istənilən vəziyyətdən çıxış yolu var”. Ə.Abdullayevin sözlərinə görə, “Bakı” və “Neftçi” ilə ardıcıl oyunlarda çempionluğun taleyinin həll olunduğunu söyləmək düzgün olmazdı: “Çempionat bu görüşlərlə başa çatmır. Bundan sonra da oyunlar olacaq və çempionluq uğrunda mübarizə axıradək gedəcək. İndidən çempionluqdan danışmaq tezdir. Nəzəri cəhətdən çox şey demək olar, amma nəticəni praktika göstərir”.
Qeyd edək ki, Ə.Abdullayevin komandası Premyer Liqada bir ildir məğlub olmur.
0