Qyoko Hacievski: “Olimpik”dən qisas almaq vaxtıdır”
04.04.2008 - 14:01
Qyoko Hacievski: “Olimpik”dən qisas almaq vaxtıdır”
Onun sözlərinə görə, “Olimpik”ə ilk dövrədə “Şəfa” stadionunda 0:3 hesabı ilə məğlub olduqları görüşdə oyunçuların səhlənkarlığı nəticəni müəyyənləşdirib: “Həmin matçda bəzi futbolçularımız çox zəif oyun nümayiş etdirdilər. Bu dəfə “Olimpik”ə qarşı qat-qat yaxşı oynayacağıq”. Rəqib komandanın çalışdırıcısı Əsgər Abdullayevin vaxtilə “Bakı”nı sükanı arxasında olmasını bilən Q.Hacievski həmin dövrlə müqayisədə komandada çox şey dəyişdiyini söyləyib: “Mənimlə azərbaycanlı həmkarımın çalışdırdığı komandalar fərqlənir. Bu, ilk növbədə heyətlə bağlıdır. Abdullayevin baş məşqçi olduğu komandadan qalan futbolçuların sayı çox azdır. Bu mənada Xalidu Sissoko, Rafael Əmirbəyov, Aleksandr Qoqoberişvili, Leandro Qomeşi qeyd etmək olar”. Q.Hacievski son vaxtlar müxtəlif problemlər üzündən heyətdən kənarda qalan bu futbolçuların xidmətindən “Olimpik”lə keçiriləcək görüşdə istifadə edə biləcək. Yalnız zədəli gürcüstanlı yarımmüdafiəçi Amiran Mucirini itirən makedoniyalı mütəxəssis Premyer Liqanın liderini büdrətmək haqda düşünür: “Rəqib lider kimi qarşıdakı oyunun favoritidir. Bu komandaya bir rəqib kimi hörmət edirəm. “Olimpik”dən xal almaq istəyimiz böyükdür. Matça böyük motivasiya ilə, qələbə qazanmaq üçün çıxacağıq. Hesab edirəm ki, “Bakı” bunu reallaşdırmaq gücündədir. “Olimpik”in heyətlə bağlı ciddi problemi var ki, bu da xeyrimizə olan amildir”.
0