Əli Quliyev: “Güclülər dəstəsində qalıb-qalmamağımıza Tovuzda aydınlıq gələcək”
04.04.2008 - 14:58
Əli Quliyev: “Güclülər dəstəsində qalıb-qalmamağımıza Tovuzda aydınlıq gələcək”
Bərdə. Mehman Süleymanov-APA-Sport. “Tovuza xal dalınca yollanırıq. “Turan”la görüşdə heç-heçə bizi qane edəcək”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Bərdənin ABN klubunun baş məşqçisi Əli Quliyev deyib. Azərbaycan Premyer Liqasının qarşıdakı turu çərçivəsində sabah səfərdə “Turan”la görüşəcək ABN-nin çalışdırıcısı qələbə qazanmağın çətin olduğunu söyləyib: “Düzdür, futbolda hər şey ola bilər. Əvvəldən proqnoz vermək çətindir. Necə ki, ikinci dövrədə uğurlu oyunlardan sonra öz meydanımızda “Masallı”ya uduzacağımız gözlənilməz oldu. Bu dəfə isə rəqib meydanında çıxış edəcəyik və “Turan” evdə yalnız qələbəyə oynayacaq”. Güclülər dəstəsində debüt mövsümündə yerini qorumaq uğrunda mübarizə aparan ABN rəqibi ilə turnir cədvəlində qonşudur. Bərdəlilər “Turan”dan qələbələrin sayına görə geri qalır ki, Ə.Quliyev sabahkı matçda xal bərabərliyini qorumaq haqda düşünür: “Turan” güclü komanda olduğunu son turda “Qarabağ” ilə matçda göstərdi. Komanda səfər oyununda xal qazanmaqla turnir cədvəlində bizi qabaqladı. Qarşımızda duran vəzifə güclülər dəstəsində qalmaqdır. Hesab edirəm ki, buna Tovuzda aydınlıq gələcək”.
Qeyd edək ki, ABN “Turan” ilə ilk dövrədə öz meydanında keçirilən görüşdə qolsuz heç-heçə (0:0) edib.
0