“Turan”ın hücumçusu: “Yüz faiz ABN-ə qalib gələcəyik”
04.04.2008 - 15:09
“Turan”ın hücumçusu: “Yüz faiz ABN-ə qalib gələcəyik”
Tovuz. Vüqar Xeyrullayev-APA-Sport. “Bu oyunda yüz faiz qələbə qazanan tərəf biz olacağıq”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Tovuzun “Turan” klubunun ən sərrast oyunçusu Vüsal Qarayev deyib. Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində ABN klubunu qəbul edəcək qərblilər üçün bu oyunun nəticəsi böyük əhəmiyyət kəsb edir. 21 yaşlı hücumçunun sözlərinə görə, autsayderlər qrupunda qərarlaşan rəqiblərin xalının eyni olması matçın prinsipiallığını artırır: “Belə oyunda xal itirə bilmərik. Qələbə qazanmağa köklənmişik. Məqsədimiz 3 xalı əldə etməkdir. Tovuzdan xal aparmaq asan deyil. Çoxdan qazanmadığımız qələbəni sabah bayram edəcəyik”. Güclülər dəstəsində qalmaq üçün mübarizə aparan “Turan” heyətində cari mövsümdə birdən artıq qol vuran yeganə oyunçunun xidmətindən yararlanmaya da bilər. Azərbaycan Premyer Liqasında komandasının vurduğu 10 qoldan 4-nün müəllifi olan V.Qarayev ən pis halda da qələbə qazanacaqlarını düşünür: “Son məşqdə əzələmi dartdığımdan meydana çıxacağım sual altındadır. Böyük ehtimalla ABN-ə qarşı oynamayacağam. Lakin belə olan halda da komanda yoldaşlarım mənim yoxluğumu hiss etdirməyərək qələbə qazanacaq”.
0