Azərbaycan çimərlik futbolu yığması dünya çempionatının seçmə mərhələsində mübarizəni erkən dayandırıb
14.05.2008 - 11:03
Azərbaycan çimərlik futbolu yığması dünya çempionatının seçmə mərhələsində mübarizəni erkən dayandırıb
Bakı. Aqşin Əliyev - APA-Sport. İspaniyanın Benidorm şəhərində keçirilən çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsində qrup oyunlarına yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan milli komandası yarışda mübarizəni erkən dayandırıb. Tarixində ilk dəfə seçmə mərhələyə qatılan yığmamız C qrupunda sonuncu yeri tutub. Braziliyalı Qustavo Enrike Zlokkovik Silvanın rəhbərlik etdiyi kollektiv qrup lideri İtaliya ilə rəqabətə girə bilməsə də, Yunanıstan və Norveçlə eyni miqdarda xal toplayıb. Aktivində 3 xal olan milli komandamız yalnız top fərqinə görə (6-11) rəqiblərindən geri qalıb. Top fərqi Yunanıstanda +3, Norveçdə isə -3 olub. Nəticədə yığmamızın da yer aldığı qrupdan İtaliya, Yunanıstan və Norveç 1/8 finala yüksəlib. Bu kollektivlərlə yanaşı, İspaniya, Almaniya, Belarus, Rusiya, Çexiya, Latviya, Portuqaliya, İngiltərə, Estoniya, Ukrayna, Polşa, İsveçrə və Macarıstan da növbəti mərhələyə vəsiqə qazanıblar. Yarımfinaladək irəliləyəcək 4 komanda iyulda Fransanın Marsel şəhərində keçiriləcək dünya çempionatında iştirak hüququna yiyələnəcək.
Qeyd edək ki, Azərbaycan qrup mərhələsində Norveçə qalib gələrək (3:2), İtaliya (2:4) və Yunanıstana (1:5) məğlub olmuşdu.
0