Rəşad Sadıqov: “Futbolla vidalaşmaq istəyirəm”
14.05.2008 - 17:34
Rəşad Sadıqov: “Futbolla vidalaşmaq istəyirəm”
Bunu “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun müdafiəçisi Rəşad Sadıqov deyib. Azərbaycan milli komandasının 26 yaşlı kapitanının sözlərinə görə, üzləşdiyi zədələrdən bezib: “Ciddi fikrimdir, futbolla vidalaşmaq istəyirəm. Komandamla müqaviləmin müddəti mayın sonunda başa çatır. Sağlamlığımdakı problemlər qurtarmaq bilmir. Belə olduğu halda, oynamağın nə faydası var?” Üzləşdiyi vəziyyətin göz dəyməsi, şər qüvvələrlə bağlılığını istisna etməyən R.Sadıqov artıq üç mövsümdür titulsuz qalan komandada ruh düşkünlüyünün olmasını təsdiqləyib: “Hamımızda həvəs ölüb. Futbolçular meydana çıxmaq istəmirlər. Fikirləşirlər ki, onsuz da xeyri yoxdur, qol vura bilməyəcəklər. Əvəzində hansısa futbolçuya çarpan top bizim qapıdan keçəcək. Yaxın məsafədən vurduğumuz top qapıya girmir, ancaq rəqib 30 metrdən bizə qol vurur. Rəqib qapıları cadulanıb”. R.Sadıqov “Neftçi”ni nümayiş etdirdiyi oyuna görə çempionluğa layiq hesab edib: “Biz daha güclü oyun nümayiş etdirməklə öndə olmalı olduğumuz halda, antifutbol oynayanlar irəlidədir. Soyunub-geyinmə otağından qəribə şeylər çıxır, qapının yanına nəsə atırlar. Bir sözlə, ölkə futbolunda murdar əməllərlə məşğul olan insanlar var”.
0