Azərbaycan çimərlik futbolu yığması Avropa Liqasında mübarizə aparacaq
16.05.2008 - 12:41
Azərbaycan çimərlik futbolu yığması Avropa Liqasında mübarizə aparacaq
Bakı. Aqşin Əliyev - APA-Sport. Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa Liqasında mübarizə aparacaq. Bu haqda “APA-Sport” agentliyinə Azərbaycan Çimərlik Futbolu Federasiyasının baş katibi Ceyhun Xəlilbəyli məlumat verib. Onun sözlərinə görə, B qrupunda yer alan yığmamız 4-6 iyul aralığında Fransanın Tiqres şəhərində qüvvəsini sınayacaq: “İspaniyada baş tutan dünya çempionatının seçmə oyunları zamanı Avropa Liqasının təşkilatçıları ilə danışıqlar apardıq. Bu yarışa qatılmaq üçün bizə razılıq verilib, sadəcə, hələlik rəsmi təsdiq məktubu almamışıq. Avropa Liqası hərəsində 8 komanda olmaqla iki yarımqrupda keçirilir. A qrupunun komandaları iyunun 22-dən 25-dək İtaliyanın Linyano şəhərində üz-üzə gələcəklər. Yığmamızın da yer aldığı B qrupunun oyunları isə iyulun əvvəllərinə təyin olunub”. Baş katib bildirib ki, milli komandamızın rəqibləri yaxın zamanlarda müəyyənləşəcək. Hər yarımqrupun ən güclü 4 kollektivi final mərhələsinə adlayacaq. Avropa Liqasının finalı 22-24 avqustda Portuqaliyada keçiriləcək. Milli komandamızın Avropa Liqası ilə yanaşı, avqustun əvvəllərində Portuqaliyada təşkil olunacaq beynəlxalq “Mundialito” turnirində çıxış etməsi planlaşdırılıb. Gələn ay Mərdəkanda həvəskarlar arasında yarış olacağını deyən C.Xəlilbəyli istedadlı futbolçular sayəsində yığmanın heyətini gücləndirmək istədiklərini də vurğulayıb.
0