Meho Kodro: “Nə azərbaycanlı futbolçuları, nə də Berti Foqtsu tanıyıram”
16.05.2008 - 13:10
Meho Kodro: “Nə azərbaycanlı futbolçuları, nə də Berti Foqtsu tanıyıram”
Bunu “APA-Sport” agentliyinə eksklüziv açıqlamasında Bosniya və Herseqovinanın futbol üzrə milli komandasının baş məşqçisi Meho Kodro deyib. Rəhbərlik etdiyi kollektivi iyunun 1-də Azərbaycana qarşı beynəlxalq yoldaşlıq görüşünə çıxaracaq 41 yaşlı çalışdırıcı rəqib haqda məlumatsız olduğunu söyləyib: “Bağışlayın, sizin yığmanız haqda məlumatım yoxdur. Azərbaycanlı futbolçulardan heç kimi tanımıram”. Bundan başqa, “dünya və Avropa çempionu Berti Foqtsun komandasını nəyin sayəsində üstələmək fikrindəsiniz” sualına M.Kodro kifayət qədər gözlənilməz cavab verib: “Mən Berti Foqts adlı məşqçi tanımıram, onun fəaliyyəti ilə tanış deyiləm”. Eyni zamanda, bosniyalı məşqçi Azərbaycan futbolu barədə xoş sözlər söyləyib: “Eşitdiklərimə əsasən, deyə bilərəm ki, Azərbaycanın səviyyəli futbol məktəbi var. Qarşıdakı günlərdə bu ölkə ilə bağlı daha ətraflı məlumat toplamağa çalışacağam”. Baş məşqçi Bosniya və Herseqovina Futbol Federasiyası rəhbərliyi ilə aralarındakı mübahisəli vəziyyətə toxunmayıb. O, fikir ayrılığının tezliklə aradan götürüləcəyinə inamını ifadə edib. Vaxtilə İspaniyanın “Barselona”, “Real Sosyedad”, “Tenerife” və “Alaves” klublarında üst-üstə 11 il oynamış M.Kodro hazırda bu ölkədə yaşayır. Əsl adı “Mehmet” olan bosniyalı ingilis, rus və türk dillərində danışmağı bacarmasa da, müsəlman dininə etiqad etdiyini vurğulayıb.
0