Rasim Kara: “Neftçi”də baş verənlər məni maraqlandırmır”
16.05.2008 - 13:10
Rasim Kara: “Neftçi”də baş verənlər məni maraqlandırmır”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Mövsümün sonunadək iki ağır oyunumuz qalıb. Bizi həm “Neftçi”, həm də “Olimpik”lə çətin sınaq gözləyir. Bu görüşlərə ciddi hazırlaşırıq”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Rasim Kara deyib. Türkiyəli mütəxəssis Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində sabah qəbul edəcəkləri “Neftçi”ni uğursuzluq zolağına düşsə də, favorit sayır: “Bu komanda geniş heyətə malikdir. Bizdə isə daha çox gənc futbolçular yer alıb. İstənilən halda, meydana hər zaman olduğu kimi, qələbə üçün çıxacağıq. “Neftçi”nin hazırkı durumu məni maraqlandırmır. Bu komandanın daxilində olmadığım üçün, baş verənlərdən xəbərsizəm. Öz rəhbərliyi, baş məşqçisi var, problemləri həll etmək onların üzərinə düşür. Məni öz komandamla məşğulam”. Ukraynalı həmkarları ilə görüşlərdə uğursuzluq sindromu ilə üzləşən 58 yaşlı R.Kara A.Demyanenko ilə ilk dəfə görüşəcəyini deyib: “Təbii ki, Demyanenkonu bir futbolçu kimi yaxşı tanıyıram. Ancaq futbolçu karyeram dövründə bir sıra həmyerlilərindən fərqli, onunla qarşılaşmamışam. Hər halda, Demyanenko haqda kifayət qədər məlumatım var. Onun çalışdırdığı komandanın oyununu izləyib, özümüz üçün nəticə çıxartmışıq. Ciddi təhlil etdiyimiz zəif cəhətlərindən yararlanacağıq. Qalan oyunlara barmaqarası yanaşmağımızdan söhbət gedə bilməz”.
0