Aslan Kərimov: “Milli komandadakı karyeramdan razı qalmadım”
27.05.2008 - 15:22
Aslan Kərimov: “Milli komandadakı karyeramdan razı qalmadım”
Almaniyalı mütəxəssis Berti Foqtsun Bosniya və Herseqovina və Andorra yığmaları ilə yoldaşlıq görüşlərinə açıqladığı heyətdən kənarda qalan “Qarabağ”ın 35 yaşlı müdafiəçisi bundan sonra dəvət alacağını real saymır: “Yoldaşlıq görüşlərinə çağırılmadığım halda, rəsmi matçlara dəvət alacağım inandırıcı görünmür. Milli komandada karyeramın başa çatdığını demək olar. Artıq yaş öz sözünü deyir. 35 yaşda eyni zamanda həm yığmada, həm də klubda oynamaq çətindir. Yığmamızın yeni baş məşqçisi çağırdığı heyətdən gənc futbolçulara yer verib ki, mən də bunu təqdirəlayiq hesab edirəm. Hələ Qyoko Hacievskinin dövründə AFFA rəhbərliyinə milli komanda ilə vidalaşmaq fikrində olduğumu demişdim”. Millidə hələ olimpiya yığmasında çıxış etdiyi vaxtda, 21 yaşda dəvət alan A.Kərimov karyerasından razı qalmayıb: “Azərbaycan yığması beynəlxalq miqyasda çıxış etdiyi müddətdə ciddi nailiyyət qazanmayıb. Belə olan halda, milli komandada çıxışdan razı qalmaq olmur. Hər halda, oynadığım müddətdə yığmamızın uğurlu çıxışı üçün əlimdə gələni etmiş, rəhbərliyi altında oynamış baş məşqçilərin verdiyi tapşırıqları yerinə yetirmişəm. Yığmamıza bundan sonra uğurlar arzulayıram. Milli komandada vida oyunu keçirməklə bağlı fikrim yoxdur. Yığmadan fərqli futbolçu karyeramı başa vurmağa hazırlaşmıram. Oynamağa hələ özümdə güc hiss edirəm. “Qarabağ” mənə yeni bir illik sövdələşmə təklif edib ki, bunu qəbul etmək niyyətindəyəm”.
Qeyd edək ki, milli komandadakı karyerası 14 il davam edən A.Kərimovun sonuncu matçı bu ilin fevralın 3-də Qazaxıstanla Türkiyənin Antalya şəhərində keçirilən yoldaşlıq görüşü (0:0) olub.
0