Zeynal Zeynalov: “Futbolçunun əsas istəyi iddialı kluba keçib, yaxşı pul qazanmaqdır”
10.06.2008 - 14:45
Zeynal Zeynalov: “Futbolçunun əsas istəyi iddialı kluba keçib, yaxşı pul qazanmaqdır”
Bunu “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan milli komandasının yarımmüdafiəçisi Zeynal Zeynalov deyib. Qış fasiləsindən şərəfini qoruduğu Yevlaxın “Karvan” klubunda gələcək taleyinə hələlik aydınlıq gətirilmədiyini bildirən Z.Zeynalovun sözlərinə görə, bu məqsədlə komandanın baş məşqçisi Yunis Hüseynovla görüşüb: “İndi cavab gözləyirəm. Eyni sözləri “Simurq” haqda da deyə bilərəm. Açığı, bu komandadan hələ yığmaya çağırılmamışdan əvvəl dəvət almışdım. Tez-tez komanda dəyişməyi istəmirəm. Ancaq futbolçu həyatında maddi amillər böyük rol oynayır. Pul hər şeyi də olmasa, çox şeyi həll edir. Hansı klubun təklifi sərfəli olacaqsa, onu da qəbul edəcəyəm”.
Azərbaycan milli komandasına uzun müddətdən sonra Berti Foqtsun dövründə qayıdan Z.Zeynalov həm Bosniya və Herseqovina, həm də Andorra ilə yoldaşlıq görüşündə meydana çıxıb. 28 yaşlı futbolçu yığmada gələcək perspektivinin almaniyalı mütəxəssisdən asılı olduğunu söyləyib: “İlk dövrədə çıxış etdiyim “Neftçi” “Karvan”la müqayisədə daha iddialı olsa da, bu komandada ehtiyatda qalırdım. “Karvan”da isə əsas heyət oyunçularından idim. “Bakı”ya cərimə zərbəsindən qol vurduğum görüşdə məni bəyənən Foqts “Simurq”la maçda da oyunumu izləmək üçün Yevlaxa gəlmişdi. Sözsüz ki, yığma futbolçu üçün böyük reklamdır. Milli komandanın üzvü iddialı kluba keçmək, yaxşı pul qazanmaq imkanı əldə edir. Futbolçunun da əsas istəyi budur. Ancaq Foqtsun yığmaya dəvətindən sonra klubların mənə yalvaracağını gözləmirəm. Hansı klub xidmətimdə maraqlı olacaqsa, təklifi mənə sərf edəcəksə, onu da reallaşdıracağam”.
0