Bakıda yeniyetmə futbolçular arasında beynəlxalq turnir start götürür
10.06.2008 - 16:33
Bakı. Aqşin Əliyev - APA-Sport. İyunun 12-də Bakıda 1993-94-cü il təvəllüdlü futbolçular arasında beynəlxalq turnirə start veriləcək. “APA-Sport” agentliyinin məlumatına görə, yarışı “Qranit” AS turizm şirkəti təşkil edib. Bununla bağlı şirkətin direktoru Fəxrəddin Yusifov bu gün keçirdiyi mətbuat konfransında iştirakçıların adlarını açıqlayıb. F.Yusifov bildirib ki, paytaxtımıza yalnız bir xarici ölkə təmsilçisi - Gürcüstanın “Dinamo” klubu təşrif buyuracaq. Təşkilatçıların dəvət göndərdikləri Rusiya (Sankt-Peterburq uşaq futbol məktəbi) və Belarusdan (“Malofeyev” uşaq futbol məktəbi) isə mənfi cavab alınıb. Yerli komandalardan “Neftçi”, “Bakı”, “Vətən”, “Ulduz” və “Zəngəzur”un mübarizə aparacağı turnirin püşkü sabah atılacaq. Yarışın baş hakimi Füzuli Nəcəfov olacaq. Dörd gün davam edəcək yarışın bütün oyunları “Şəfa” stadionunun ikinci meydançasında keçiriləcək.
0
0