İngiltərə Premyer Liqasında 4, Azərbaycan yığmasına 2 qol vuran hücumçu “Bakı” klubuna gəlir - YENİLƏNİB
12.06.2008 - 13:31
İngiltərə Premyer Liqasında 4, Azərbaycan yığmasına 2 qol vuran hücumçu “Bakı” klubuna gəlir - YENİLƏNİB
32 yaşlı hücumçu 11 il Makedoniya yığmasının şərəfini qoruyub ki, bu müddətdə Q.Hacievskinin də rəhbərliyi altında çıxış edib. Milli komandada 48 oyuna 16 top vuran G.Xristov bu qollardan ikisini Azərbaycanın qapısından keçirib. 2006-cı il oktyabrın 6-da DÇ-2002-nin seçmə mərhələsində Azərbaycanı 3:0 hesabı ilə məğlub edən Makedoniya yığmasının heyətində 90 dəqiqə meydanda olan G.Xristov ilk iki qolun müəllifi olub. Peşəkar futbolçu karyerasına 17 yaşında başlayıb və 1994-97-ci illərdə “Partizan” (Serbiya, 61 oyuna 21 qol), 1997-2000-ci illərdə “Barnsli” (İngiltərə, 45 oyuna 8 qol) klublarında çıxış etdikdən sonra Hollandiyaya gedib. 2000-03-cü illərdə “Neymegen” (55 oyuna 18 qol), 2003/04 mövsümündə “Zvolle”də (13 oyuna 4 qol) çıxış edən 32 yaşlı makedoniyalının son klubu da Hollandiyada olub. Ötən mövsüm “Den Boş” komandasında 27 oyuna 8 qol vuran G.Xristov bir müddət başqa klublarda da çıxış edib. Şotlandiyanın “Danfermlayn” (2004/05 mövsümü, 8 oyun), Macarıstanın “Debretsen” (2005/06 mövsümü, 2 oyun), İsrailin “Hapoel” (2005/06 mövsümü, 7 oyuna 3 qol), Kiprin “Olimpiakos” (2006/07 mövsümü 6 oyun) klublarında çıxış edib.
G.Xristovun “Barnsli”də çıxış etdiyi 3 mövsümün birində - 1997/98-də klub İngiltərə Premyer Liqasında 19-cu yeri tutaraq aşağı dəstəyə yuvarlanıb. Həmin çempionatda 23 oyuna 4 qol vuran makedoniyalı Azərbaycana gələn legionerlər arasında İngiltərə çempionatında çıxış etmiş ilk futbolçu olacaq.
G.Xristov 1997/98 mövsümündə İngiltərə Premyer Liqasında dörd qol vurub ki, onlardan ikisi “Bolton”la oyunlara təsadüf edib. İlk qolunu mövsümün 4-cü turunda vuran makedoniyalı 47-ci dəqiqədə fərqlənməklə, komandasına 2:1 hesablı qələbə qazandırıb. 20-ci turda yenə boltonluların qəniminə çevrilən G.Xristov 20-ci dəqiqədə hesabı açsa da, sonda komandası bir xal qazanıb – 1:1. Hücumçunun digər iki qolu “Barnsli”yə xal qazandırmayıb. Belə ki, komandası 29-cu turda “Blekbern”, 32-ci turda “Lids”ə 1:2 hesabı ilə uduzub. Müvafiq olaraq, 67 və 44-cü dəqiqələrdə fərqlənən G.Xristov hər iki qarşılaşmada hesabı bərabərləşdirsə də, “Barnsli” matçı xalsız, mövsümü isə 20 komanda arasında 19-cu pillədə başa vurub. Ümumiyyətlə, 32 yaşlı hücumçunun komandası Premyer Liqada hamıdan çox 82 qol buraxıb ki, çempionat ərzində 0:5, 0:6, hətta 0:7 hesablı məğlubiyyətlə də üzləşib.
G.Xristov həm də Makedoniya yığmasının tarixində ən çox qol vuran futbolçudur. Düzdür, onun milli komandada vurduğu qolların sayı müxtəlif mənbələrdə fərqli göstərilib. Lakin istər 17, istər 16 qolu olan G.Xristov Makedoniya yığmasının bombardirləri siyahısında hamını qabaqlayır. Maraqlıdır ki, bu göstəricidə 15 qolla ikinci olan Artim Şakiri də bir vaxtlar Azərbaycanın “Olimpik” klubuna keçməyə yaxın idi. Ən məhsuldar 5 oyunçudan ibarət cədvəli isə “Bakı” ilə sıx əməkdaşlıq edən Saşa Çiriç tamamlayır. Klubun baş məşqçisi Qyoko Hacievskinin yetirməsi olan makedoniyalı menecer vaxtilə millidə 8 qol vurub, indi isə sabiq məşqçisinin transfer işlərinə kömək edir.
Qeyd edək ki, G.Xristovadək makedoniyalılar Zoran Boldovaliyev, Zoran Sterjovski (“MKT-Araz”), Bilal Veliya, İlami Halimi (“Olimpik”) Azərbaycan klublarında çıxış edib.



0