Bakının “İnter” klubu Hakan Şükürün transferi üçün 3 milyon dollar təklif edib
17.06.2008 - 11:56
Bakının “İnter” klubu Hakan Şükürün transferi üçün 3 milyon dollar təklif edib
“APA-Sport” agentliyinin Türkiyə mətbuatına istinadən məlumatına görə, Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “İnter” komandasının rəsmiləri 37 yaşlı hücumçunu transfer etmək üçün danışıqlara başlayıb. H.Şükürə bir illik müqaviləyə görə 3 milyon dollar təklif etdiyi bildirilir. “Qalatasaray”la vidalaşan veteran futbolçu Bakı klubunun rəsmilərinə hələlik qəti cavab verməyib və təklifləri dəyərləndirir.
Hazırda Lvovda istirahətdə olan “İnter” klubunun baş məşqçisi Valentin Xodukin isə “APA-Sport” agentliyinə bildirib ki, Hakan Şükürə təklif göndərilməsindən xəbərim yoxdur. Ukraynalı mütəxəssis 37 yaşlı hücumçunun komandasına keçidini real saymır: “Hakan elə bir futbolçudur ki, onun transferi haqda ciddi danışmamaq nəzakətsizlik olardı. Bu hücumçu səviyyə, təşkilati baxımdan yüksək olan komandalarda çıxış etməyə öyrəşib. “İnter” isə inkişaf yolunda ilk addımlarını atır. Biz hələ o dərəcədə mütəşəkkil komanda deyilik. Hazırkı vəziyyətdə Şükürün komandamıza keçidi mənim üçün arzu, xəyaldır. Ancaq hərdən xəyallar hadisələri qabaqlamaqla gerçəkliyə çevrilir”.
Qeyd edək ki, H.Şükürlə xeyli vaxtdır danışıqlar aparan “Xəzər-Lənkəran” klubu futbolçunun bir illik transferi üçün 3 milyon avro təklif edib.
0