Qyoko Hacievski: “Artim Şakiri Azərbaycandan təklif alandan sonra mənimlə məsləhətləşib”
18.06.2008 - 12:45
Qyoko Hacievski: “Artim Şakiri Azərbaycandan təklif alandan sonra mənimlə məsləhətləşib”
Bunu “APA-Sport” agentliyinə açıqlamasında “Bakı” klubunun baş məşqçisi Qyoko Hacievski deyib. Hazırda vətənində olan makedoniyalı mütəxəssis bildirib ki, Ağdamın “Qarabağ” klubunun transfer etdiyi 35 yaşlı yarımmüdafiəçi Artim Şakirini yaxşı tanıyır: “Onu yetirməm sayıram. “Vardar” klubunda, həm də Makedoniya yığmasında rəhbərliyim altında çıxış edib. 13 il öncə “Vardar”ı Makedoniya çempionu edərkən, Artim komandamda idi. Həmin vaxta futbolda ilk addımlarını atan Şakiri karyerasında ilk çempionluğunu qazandı. Altı il öncə İngiltərə yığması ilə səfər oyununda künc zərbəsindən topu birbaşa qapıya göndərməklə, gözəl qola imza atıb. İki dəfə dünya yığmasının heyətində meydana çıxıb”. Q.Hacievski milli komandada 73 oyun keçirən həmyerlisinin yaşının çox olmasını problem saymır. Onun sözlərinə görə, A.Şakiri Azərbaycanda bir legioner kimi özünü göstərəcək: “Bildiyimə görə, Artim son klubu olan Albaniyanın “Besa” klubunun heyətində ötən mövsüm UEFA kubokunda çıxış edib. Sol ayağı ilə yaxşı oynayan həmyerlim həm hücumda, həm də sol cinah xavbeki kimi çıxış edə bilər. Aqressiv hücumçudur ki, bunu da əsas üstünlüklərindən sayıram. Fikrimcə, Azərbaycanda öz sözünü deyəcək”.
0