Qyoko Hacievski: “Xristovun keçidini həll edəndən sonra Naçevskinin transferi ilə məşğul olacağıq”
18.06.2008 - 13:29
Qyoko Hacievski: “Xristovun keçidini həll edəndən sonra Naçevskinin transferi ilə məşğul olacağıq”
Skopye. Mehman Süleymanov - APA-Sport. “Draqan Naçevskinin komandamıza keçidi realdır”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Bakı” klubunun baş məşqçisi Qyoko Hacievski deyib. Yeni mövsümdə iki həmyerlisini komandasında görmək istəyən 53 yaşlı makedoniyalı mütəxəssis əvvəl Georgi Xristovun transferini həll etməyi lazım bilir: “Xristovla müqavilənin şərtləri ilə bağlı görüşüm olacaq. Bundan sonra klubumuzun baş meneceri Zeynal Məmmədovla söhbətləşib, transfer məsələsinə tam aydınlıq gətirəcəyəm. Xristovun keçidini həll edəndən sonra Naçevskinin transfer məsələsi ilə məşğul olacağıq. Həmyerlimiz özü də karyerasını harada davam etdirməyi götür-qoy edir”. Q.Hacievski vaxtilə rəhbərliyi altında çıxış edən D.Naçevskinin “Bakı” üçün faydalı transfer sayır: “Xristov kimi Naçevski də hücumameylli futbolçudur. O, yığmada yeganə qolunu 7 il öncə İsveçlə səfər matçında vurub. Bundan sonrakı oyunda Bakıya gələn Draqan Azərbaycanla görüşün iştirakçısı olub. Naçevski həm hücumda, həm də sağ cinah xavbeki kimi oynaya bilər. Draqanı da yetirməm sayıram. Yığmada da olmasa, klubda rəhbərliyim altında çıxış edib. Naçevski birgə “Vardar”la 2002 və 2003-cü illərdə Makedoniya çempion olmuşuq. Son illərdə legioner karyerası yaşayan həmyerlim Yunanıstanda oynayıb. Draqanın bu ölkədə karyerasını davam etdirmək variantı var. Onunla söhbətimdə komandamda çıxış etməyi təklif edəndə, buna etiraz etmədi. Naçevski Yunanıstan və Azərbaycan arasında seçim edir”.
Qeyd edək ki, D.Naçevski son mövsümü Yunanıstan çempionatının birinci divizionunda çıxış edən “Kirkira” klubunda keçirib.
0